Bolqarıstanın Varna şəhərində 41-ci Balkan Riyaziyyat Olimpiadası keçirilib. Paytaxtdakı Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 11-ci sinif şagirdi Mirhəbib Əsgərov, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 11-ci sinif şagirdləri Ömər Qədimli və İbrahim Kərimli olimpiadada iştirak edərək vətənə 1 gümüş, 2 bürünc medalla qayıdıblar.
 
Şagirdlər həmin yarışma ilə bağlı təəssüatlarını “Azərbaycan müəllimi” qəzetinin oxucuları ilə bölüşüblər. 
 
Həmsöhbətim Mirhəbib Əsgərov Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 11-ci sinif şagirdidir. O bildirdi ki, 2024-cü il onun üçün uğurlu il olub.
 
"27 aprel-2 may tarixləri arasında Bolqarıstanda keçirilən Balkan Riyaziyyat Olimpiadasına (BMO) yaxşı hazırlaşmışdım, nəticəmin uğurlu olacağına inanırdım və gümüş medal qazandım. Ötən illərdə də  riyaziyyat üzrə keçirilən Respublika fənn olimpiadalarına qatılmışdım. Nailiyyətlərim çoxdur. Hələ 9-cu sinifdə  oxuyarkən Bosniya və Hersoqovinanın Sarayevo şəhərində keçirilən yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO) iştirak etmişdim, orada da nəticəm uğurlu olmuşdu, bürünc medalla mükafatlandırılmışdım. Həmin il  Respublika fənn olimpiadalarında riyaziyyat fənni üzrə gümüş medala da layiq görülmüşəm. Növbəti il yenə olimpiada fəaliyyətimə davam etdim və ölkəmizi bir neçə beynəlxalq riyaziyyat olimpiadaları və kamplarında təmsil etdim.
Əlbəttə, beynəlxalq müsabiqələrdə qazandığım uğurlar qürurverici idi. Bunlardan ən önəmliləri ötən il Çində keçirilən Beynəlxalq Riyaziyyat yay kampı (IMSC) və Yaponiyada təşkil olunmuş Beynəlxalq Riyaziyyat Olimpiadası (IMO) idi. Beynəlxalq Riyaziyyat Olimpiadasına dünyanın 100-dən çox ölkəsindən şagirdlər qatılmışdı. Mən də həmin şagirdlərdən biri kimi ölkəmi təmsil etdiyim üçün qürur duyuram. 11-ci sinfə keçdikdən sonra xarici top universitetlərə marağım artdı. Bu universitetlərə müraciət etdim. Bunun üçün zəruri olan SAT, IELTS imtahanlarına hazırlaşmağa başladım və çox az bir müddətdə hər iki imtahanda uğurla iştirak etdim. Hazırda Cənubi Koreyanın KAIST univeristetindən qəbul almışam və digər universitetlərdən də cavab gözləyirəm. Riyaziyyat olimpiadalarında iştirakımdan əlavə, imtahanlarda da bir neçə nailiyyətlərim olub. Bunlardan ən önəmlisi martın 10-da keçirilən buraxılış imtahanı idi. Bu sınaqdan da uğurla keçərək ümumilikdə 297,5 bal toplamışam" - deyə Mirhəbib qeyd edib.
 
İbrahim Kərimli Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 11-ci sinif şagirdidir. Deyir ki, 2022-ci ildən riyaziyyat olimpiadalarına hazırlaşır. 9-cu və 10-cu siniflərdə Respublika fənn olimpiadalarında (RFO 2022 və RFO 2023) bürünc medal qazanıb. Söhbət əsnasında İbrahim bildirdi ki, ölkəmizi bir sıra beynəlxalq olimpiadalarda təmsil edib. 2022-ci ildə də Bosniyanın Sarayevo şəhərində keçirilən 26-cı Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO) iştirak edib və bürünc medala layiq görülüb. Olimpiadalara qatıldıqca təcrübəsi daha da artan məktəblimiz 2023-cü ildə isə Türkiyənin Antalya şəhərində keçirilmiş 40-cı Balkan Riyaziyyat Olimpiadasında (BMO) və Yaponiyanın Çiba şəhərində baş tutan 64-cü Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) Azərbaycanı təmsil edib və IMO-da “honorable mention” mükafatına layiq görülüb. Əlavə olaraq 2023-cü ildə 2 həftə boyunca Çinin Pekin şəhərində ilk dəfə təşkil olunan Beynəlxalq Riyaziyyat Yay Kampında (IMSC) dünyaca məşhur riyaziyyatçıların dərslərində iştirak edib.
Bu il, 2024-cü ildə 27 aprel – 2 may tarixlərində Bolqarıstanın Varna şəhərində 41-ci Balkan Riyaziyyat Olimpiadasında (BMO) iştirak edərək bürünc medala layiq görülüb. Hazırda səylə çalışaraq İngiltərənin Bath şəhərində keçiriləcək 65-ci Beynəlxalq Riyaziyyat Olimpiadasına (IMO) hazırlaşır. İnanır ki, orada da uğur qazanacaq. İbrahim Kərimli bildirib ki, 11-ci sinifdə SAT və IELTS imtahanlarına hazırlaşıb və müvafiq olaraq 1600 baldan 1450 toplayıb və 9 üzərindən 7 nəticəsini əldə edib. 2024-cü ilin mart ayında  Koreyanın Qabaqcıl Elm və Texnologiya Universitetindən qəbul alıb və gələcək təhsilini orada davam etdirməyi planlaşdırır. İbrahim saatlarla kitabxanada riyaziyyat fənninə dair əlavə vəsaitlər oxuduğunu və vaxtını daha çox əlavə biliklər qazanmağa sərf etdiyini bildirir.
 
Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 11-ci sinif şagirdi Ömər Qədimli isə ilk dəfə riyaziyyat fənni üzrə olimpiadaya 6-cı sinifdə oxuyarkən qatıldığını və o zaman bürünc medala sahib olduğunu bildirib.
"Həmin vaxt Gəncə şəhərində təhsil alırdım. Sonradan təhsilimi Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyində davam etdirmək qərarına gəldim. Təhsil aldığım müddətdə həm riyaziyyat, həm də olimpiada müəllimimiz olan Şəmsi Səfərov bizə böyük dəstək göstərib. Davamlı hazırlıqlar sayəsində RFO-dan bir bürünc və bir gümüş olmaqla 2 medala layiq görülmüşəm. 10-cu sinifdə oxuyarkən Balkan Riyaziyyat Olimpiadasında iştirak edəcək komandaya seçildim və həmin olimpiadada həvəsləndirici mükafat qazandım. Amma ruhdan düşmədim, bu il isə 11-ci sinifdə və yenidən Balkan Riyaziyyat Olimpiadasının komandasına  qatıldım və bürünc medal əldə etdim. İnamla deyə bilərəm ki, gələcəkdə daha böyük uğurlara imza atacağam.
 
Qeyd edək ki, 2007-ci ildən etibarən Balkan Riyaziyyat Olimpiadasına qatılan şagirdlərimiz ümumilikdə 1 qızıl, 18 gümüş və 38 bürünc medala layiq görülüblər.
 
Sifai SƏFƏROVA