Beynəlxalq Məktəb Kitabxanaları Gününə həsr edilmiş “Pedaqoq kitabxanaçı” mövzusunda konfransda


1999-cu ildə UNESCO-nun təşəbbüsü ilə oktyabr ayının dördüncü həftəsinin bazar ertəsi günü “Beynəlxalq Məktəb Kitabxanaları Günü” kimi təsis edilmişdir. 2008-ci ildən etibarən isə bu gün bir ay ərzində silsilə tədbirlərlə qeyd edilir. Bu isə hər bir məktəb kitabxanasına aylıq çərçivəsində ən münasib tarixi seçərək bayramı qeyd etməyə imkan verir. Digər günlərdə isə kitaba və kitabxanaya həsr edilmiş müxtəlif kiçikhəcmli tədbirlər həyata keçirilir. Bəzi dünya ölkələri bu bayramı məktəb kitabxanalarının problemlərini və çatışmazlıqlarını göstərmək üçün təşkil edirlər. Son dövrlərdə ölkəmizdə də bu bayram münasibətilə müxtəlif tədbirlər həyata keçirilir.

 

2017-ci ildə ilk dəfə Respublika Elmi Pedaqoji Kitabxanası tərəfindən "Beynəlxalq Məktəb Kitabxanaları Günü"nə həsr edilmiş “Məktəb kitabxanası gününü tap” adlı elmi seminar baş tutmuşdu.  2018-ci ildə isə respublikanın ümumtəhsil məktəb kitabxanalarında oktyabr ayı ərzində Beynəlxalq Məktəb Kitabxanaları Gününə həsr edilmiş silsilə tədbirlərin keçirilməsi üçün Respublika Elmi Pedaqoji Kitabxanası tərəfindən təşəbbüs göstərilmiş,  rayon (şəhər) təhsil şöbələrinə müvafiq mövzuda tövsiyə məktubu göndərilmişdir. Zaqatala, Samux, Salyan, Naftalan, Saatlı, Lənkəran, İmişli, Hacıqabul, Şirvan rayon (şəhər) məktəblərində bayram münasibətilə bir sıra sisilə tədbirlər həyata keçirilmişdir. Eyni zamanda Bakı şəhəri üzrə ümumtəhsil məktəb kitabxanaçıları arasında “Kitabxana əlaçısı” və “Ən yaxşı kitabxanaçı” nominasiyaları üzrə müsabiqə elan edilmişdir. 29 oktyabr 2018-ci il tarixində isə Respublika Elmi Pedaqoji Kitabxanasında Beynəlxalq Məktəb Kitabxanaları Gününə həsr edilmiş  “Pedaqoq kitabxanaçı” mövzusunda konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan kitabxananın direktoru Tamilla İsmixanova bu günün əhəmiyyətindən, son dövrlərdə dünyada və ölkəmizdə məktəb kitabxanalarının inkişafı sahəsində görülən işlərdən, aparılan islahatlardan danışmışdır. Daha sonra Nəsimi rayonu 1 nömrəli məktəbin kitabxana müdiri Zenfira Useynova, Sabunçu rayon 108 nömrəli tam orta məktəbin kitabxanaçısı Ofelya Ələkbərova, Səbayıl rayonu 239 nömrəli tam orta məktəbin kitabxana müdiri Kifayət Cəfərova və digər iştirakçılar öz fəaliyyətlərindən, şagirdlərin şəxsiyyət kimi formalaşması üçün həyata keçirdikləri tədbirlərdən və yeniliklərdən danışıblar.

 

Respublika Elmi Pedaqoji Kitabxanasının Elmi metodik və təhlil şöbəsinin müdiri Səyyarə Məmmədova  tədbirin məktəb kitabxanaçıları üçün ilk dəfə keçirildiyini və  bu kimi tədbirlərin məktəb kitabxanalarının inkişafı sahəsində mühüm nailiyyətlərin əldə edilməsinə yol açacağını vurğulayıb. Tədbirdə Respublika Elmi pedaqoji Kitabxanası tərəfindən təsis edilmiş "Kitabxana əlaçısı" və "Ən yaxşı kitabxanaçı" nominasiyaları üzrə keçirilmiş müsabiqənin qalibi olan məktəb kitabxanaçıları təltif ediliblər. Müsabiqədə öz fəallığı ilə fərqlənən digər iştirakçılara Respublika Elmi Pedaqoji Kitabxanası tərəfindən "Təşəkkürnamə” verilib. Konfrans iştirakçılarına bayram münasibətilə xatirə hədiyyələri təqdim edilib.