Bakı Mühəndislik Universitetində (BMU) Türkiyənin Antalya şəhərində keçirilən “Robotex Türkiyə” çempionatında birinci yerin qalibi olan komandaların üzvləri və mentorları ilə görüş təşkil edilib.

 

BMU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə universitet tələbələrindən ibarət qalib komandaları (“ROBOXIDE” və “A-MAZE”) təbrik edən rektor Yaqub Piriyev beynəlxalq yarışın önəmini vurğulayıb. O, yarışın həsr edildiyi, bir çox müxtəlif sahəni birləşdirən robotexnika, eyni zamanda informasiya texnologiyaları əsaslı digər ixtisaslar üzrə peşəkar kadrlara olan tələbatdan söz açıb. İnformasiya texnologiyaları, xüsusilə də kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması istiqamətində görülən işlərə diqqət çəkən rektor BMU-da bu günlərdə açılan kibertəhlükəsizlik laboratoriyasının tələbələrin rəqəmsal bilik və səriştələrinin inkişafını təmin edəcəyinə, onların bacarıqlarını daha da zənginləşdirəcəyinə inandığını bildirib.

 

Y.Piriyev qalib komandaların 15-16 noyabr 2024-cü il tarixlərində İtaliyanın paytaxtı Romada keçirilməsi nəzərdə tutulan növbəti mərhələyə hazırlıq, eləcə də tələbələrin qayğıları ilə maraqlanıb. Tələbələrin beynəlxalq yarışlarda yalnız BMU-nu deyil, ümumilikdə ölkəmizi təmsil etdiklərini önə çəkən Y.Piriyev bununla bağlı tapşırıq və tövsiyələrini verib.

 

Sonra komandaların mentorları, universitetin kompüter və informasiya texnologiyaları kafedrasının baş müəllimləri Əli Həsənov, Elməddin Hüseynov, tələbələr və digər iştirakçılar çıxış ediblər.

 

Görüşün sonunda komanda üzvləri və mentorlara fəxri fərmanlar təqdim edilib.