Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İtaliya-Azərbaycan Dizayn Mərkəzində ABŞ-dən olan mütəxəssis Linkoln Nemetz-Karlsonun “Vadim Şulqin: Bakıda Sovet Modernizmi, 1955-1974” adlı sərgisi açılıb.
 
AzMİU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, “Fulbright” proqramı çərçivəsində universitetdə tədqiqat aparan xarici mütəxəssisin sərgisində beynəlxalq əlaqələr üzrə prorektor professor Nərgiz Abdullayeva, memarlıq fakültəsinin dekanı professor  Zahidə Məmmədova, dizayn fakültəsinin dekanı Fərid Kərimov, mühit dizayn kafedrasının müdiri Yeganə Hacıyeva, qrafik və media dizayn kafedrasının müdiri Təranə Bəkirova, təsviri incəsənət kafedrasının müdiri Pərviz Cəfərov, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev və müəllim-tələbə heyəti iştirak ediblər. 
 
Sərgidə Linkoln Nemetz-Karlsonun elmi araşdırmalarının nəticəsi olan Vadim Şulqinin yaratdığı memarlıq nümunələrindən fotolar, həcmli modellər, eləcə də onun həyat və yaradıcılığını əks etdirən məlumatlar öz əksini tapıb. 
 
Sərgidə qeyd olunub ki, memar Vadim Şulqin layihələndirmələrində əsasən quruluşun orijinallığına fikir verir, ideyanı, sadəcə olaraq, yenidən işləmir, ona zəriflik və üslub əlavə edirdi. Onun modernist üslubda layihələndirdiyi işlər arasında Bakıda bu günə kimi öz möhtəşəmliyini qoruyan “Mirvari” kafesi, Heydər Əliyev Sarayı və digər memarlıq nümunələri yer alır.
 
Nümayiş olunan materiallar tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
 
Qeyd edək ki, amerikalı mütəxəssis memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasında “1970-1980-ci illərdə Azərbaycanda layihələndirilmiş və tikilmiş modernist ictimai memarlıq” mövzusunda tədqiqat işləri aparır. Onun tədqiqat işində gəldiyi nəticələri özündə əks etdirən və ilk dəfə AzMİU-da təşkil olunan bu sərgi universitet rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.