Pakistan İslam Respublikasının Elm və Texnologiya Milli Universitetinin tədqiqat, innovasiya və kommersiyalaşdırma üzrə prorektoru Rizvan Riazın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

 

BDU-dan "Azərbaycan müəllimi”nə bildirilib ki, rektor Elçin Babayev qonağa universitetin tarixi və fəaliyyəti barədə məlumat verib. O bildirib ki, 105 illik tarixə malik BDU Azərbaycanın ən böyük və qədim universitetidir. 25 mindən artıq tələbəsi olan BDU-nun 16 fakültəsində elmin bütün sahələri üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlanır. Tədqiqat istiqamətinə xüsusi önəm verən BDU-nun Hirş indeksi artıq 62-yə çatıb.

 

Rektor Elm və Texnologiya Milli Universiteti ilə biotexnologiya, nanotexnologiya, biotibbi materiallar, kompüter elmləri, kibertəhlükəsizlik istiqamətləri üzrə geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb. Bildirib ki, qeyd olunan sahələr üzrə birgə elmi tədqiqatlar və laboratoriyalar yaradıla, seçilmiş istiqamətlərdə ikili diplom proqramları imzalana və birgə sosial layihələr icra edilə bilər.

 

Pakistan İslam Respublikasının Elm və Texnologiya Milli Universitetinin prorektoru Rizvan Riaz təmsil etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verərək, BDU ilə birgə tədqiqatlarda, müəllim-tələbə mübadiləsində maraqlı olduqlarını qeyd edib.

 

Görüşdə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.