Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Çin Kommunist Partiyasının Şansi əyaləti Komitəsinin İctimaiyyət Departamentinin baş direktoru Daquanq Sanın rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin Sian Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

 

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə çıxış edən ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov qonaqları salamlayaraq universitet haqqında ətraflı məlumat verib, Çin universitetləri ilə tələbə və müəllim mübadiləsinin tarixindən danışıb. ADNSU-da hazırda təhsil alan çinli tələbələrin tədris göstəricilərinin müsbət olduğunu deyən V.Əskərov Çin universitetləri ilə, eyni zamanda yaşıl enerji və süni intellekt üzrə birgə əməkdaşlığın önəmini qeyd edib.

 

ADNSU-da olmaqdan məmnunluqlarını ifadə edən Çin nümayəndə heyəti iki ölkə arasında ali təhsildə hazırkı vəziyyət və perspektivlərdən danışıb, əməkdaşlığın inkişafı ilə bağlı müştərək layihələrin icrasının mümkünlüyünü diqqətə çatdırıb.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Görüşün sonunda ADNSU ilə Çinin Sian Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.