Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gənc alim, doktorant, dissertant və magistrlər arasında elan olunan  “Ən yaxşı elmi məruzə” müsabiqəsinə təqdim edilən məruzələr dinlənilib.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, institutun icraçı direktoru professor Əfsun Sucayev gənclər arasında keçirilən müsabiqənin əhəmiyyəti haqqında məlumat verib. Bildirib ki, gənclərin ətraf mühitin ekoloji sağlamlaşdırılması və problemlərinin həllini əhatə edən, konkret olaraq neftlə çirklənmiş ərazilərin təmizlənməsi, kənara atılan yağların regenerasiyası, turş qudronun emalı və sair istiqamətdə apardıqları tədqiqatların nəticələri ilə bağlı məruzələri  “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilib: "Bu müsabiqələr gənclərin alim kimi hazırlanmasına, onların cəmiyyət həyatında layiqli yetişməsinə kömək olur. Artıq 10 ilə yaxındır ki, bu müsabiqələr keçirilir və ənənə halını alıb".
 
Qeyd edək ki, namizədlərin seçimi zamanı mövzunun aktuallığı, əldə olunan nəticələrin elmi və praktikliyi, məruzəçinin sualları cavablandırma səviyyəsi və mövzu ilə əlaqədar dərc etdirdiyi elmi əsərlər kimi meyarlar əsas götürülür.
 
Elmi müsabiqənin şərtlərinə uyğun olaraq, Ekspert Komissiyasının üzvləri qiymətləndirmə aparmaq üçün namizədlərin elmi-tədqiqat mövzularına uyğun hazırladıqları məruzələrini dinləyiblər. Hər bir namizədə 10-15 dəqiqə vaxt verilib. Təqdimat zamanı 7 elmi məruzə dinlənilib və suallar cavablandırılıb.
 
Müsabiqənin qalibləri may ayının sonunda elan olunacaq. Qaliblərə diplom və pul mükafatı veriləcək.