Mayın 14-də Böyük Britaniyanın "Times Higher Education" (THE) nəşri  dünyanın ən gənc universitetlərinin 2024-cü il üzrə sıralamasını (Young University Rankings) açıqlayıb.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, reytinqdə yaşı 50 və ya daha az olan ən yaxşı universitetlər yer alıb.
 
Əgər ötən il reytinqlərdə 505 universitet var idisə, bu il onların sayı 673-ə çatıb.
 
Daha 499 ali təhsil müəssisəsi reytinqə "reportyor" statusunda daxil edilib. Bu, o deməkdir ki, onlar məlumat veriblər, lakin reytinq almaq üçün THE-nin seçim meyarlarına cavab verməyiblər.
 
Bu universitetlər arasında Azərbaycanın 3 ali təhsil müəssisəsi də var. Həmin ali təhsil müəssisələri Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti və Qərbi Kaspi Universitetidir.
 
Sinqapurun Nanyang Texnologiya Universiteti ardıcıl ikinci ildir ki, reytinq cədvəlinə başçılıq edir. Honkonq Universiteti hələ də ilk onluqda möhkəm yer tutur, lakin ayrı-ayrı universitetlərin performansı baxımından mənzərə qarışıqdır. 
 
Honkonq Elm və Texnologiya Universiteti ikinci yerdən üçüncü, Honkonq Politexnik Universiteti dördüncü yerdən yeddinci yerə düşüb. Honkonq Şəhər Universiteti isə iki pillə irəliləyərək dördüncü yerə yüksəlib. 
 
Reytinqdə ən çox universitetlə təmsil olunan ölkə Türkiyədir. Belə ki, qardaş ölkənin reytinqdə 58 universiteti siyahıda yer alıb. Türkiyənin ardınca isə müvafiq olaraq Hindistan 55, İran 46 universitetlə təmsil olunaraq ilk üçlüyü tamamlayıb.
 
Sıralamada yer alan ölkələrin də sayı ötənilki 78-lə müqayisədə 79-a çatıb. Bu il ilk dəfə Qana və Peru da reytinqdə təmsil olunur. 
 
Cədvəl dünya universitetlərinin qlobal reytinqləri ilə eyni performans göstəricilərinə əsaslanır, lakin kriteriyalar nüfuza daha az ağırlıq vermək üçün korrektə edilib. 2024-cü il reytinqində orijinal metodologiyaya əhəmiyyətli yeniləmələr edilib.
 
Universitetlər ən əhatəli və balanslı müqayisələri təmin etmək üçün bütün əsas vəzifələri – tədris, tədqiqat, bilik ötürülməsi və beynəlxalq əməkdaşlıq kriteriyaları üzrə qiymətləndirilib.
 
Oruc MUSTAFAYEV