"Müşahidələrimiz göstərir ki, məktəbdaxili idarəetmə prosesi dəyişməlidir. Köhnə, 1994-cü ildə, 2000-ci illərin əvvəllərində qəbul olunan təlimat və qaydalarla bugünkü rəqəmsal məktəbi idarə edə bilmərik". 
 
Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.
 
O bildirib ki, görünən odur ki, ilk növbədə, təlimatlar - kargüzarlığın aparılması qaydalarından tutmuş bütün idarəetmə prosesi təkmilləşməlidir. 
 
"Bu, bir nömrəli məsələdir. İkinci məsələ, müəllimlərdə yeni texnologiyalarla iş vərdişləri yaranmalıdır. Müşahidələrimiz göstərir ki, yeni texnologiyalar verilsə də, ondan istifadə köhnə üsullarla davam edir. Məsələn, şagirdə planşet vermişik, otağa proyektor və müəllim üçün kompüter qoymuşuq. Şagird dərsdə kitabı elektron formatda açıb bu dəfə oradan oxuyacaqsa, dərsin keyfiyyətində dəyişiklik baş vermir" - deyə V.Xanlarov qeyd edib.
 
İdarə rəisi bildirib ki, müəllim və şagirdlərin əlində lazım olan avadanlıq varsa, öyrənmə hər zaman, hər yerdə olmalıdır. 
 
"Dərsdənkənar vaxtda öyrənmə olmalı, şagirdlər bir yerə yığışdıqda isə öyrəndikləri məzmunu simulyasiya etməli, interaktiv şəkildə işləməli, öyrəndiklərini tətbiq etməlidirlər. Texnologiya bunun üçündür. Bu vərdişi yaratmaq üzərində işləməliyik. Avadanlıq dərs zamanı açıb ordan oxumaq üçün yox, birgə əməkdaşlıq, birgə fəaliyyət üçün alətdir. Təhsil yalnız məktəbdə baş verməməlidir" - deyə o əlavə edib.