Əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Təhsil Tələbə Krediti Fondu tərəfindən aparılan təbliğat, təşviqat və maarifləndirmə işləri davam etdirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, 14-15 may tarixlərində şimal-qərb zonasında yerləşən təhsil ocaqlarında tələbə və abituriyentlər üçün təqdimatlar keçirilib. Balakən şəhəri Nizami adına 1 nömrəli orta məktəbi, 1 nömrəli Peşə məktəbi, Qax Peşə liseyi, Şəki şəhəri 8 nömrəli orta məktəbi, Dövlət Peşə Təhsili Mərkəzi, ADPU-nun Şəki filialı, Şəki Tibb Kolleci və Şəki Dövlət Regional Kollecində baş tutan təqdimatlarda Fondun əməkdaşı G.Xəlilova tərəfindən təhsil tələbə kreditinə müraciət qaydaları, güzəştlər və qeydiyyat prosesi barəsində məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
 
Bildirilib ki, ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər. Qeyd olunub ki, bu günə kimi Fonda 40 mindən çox müraciət daxil olmuş və bunlardan 35 minə yaxın şəxsə təhsil krediti ayrılmışdır.