Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Funksional analiz şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi Namiq Quliyevin Oksford Universitetinin “The Quarterly Journal of Mathematics” jurnalında dərc olunmuş məqaləsi həmin jurnalın ən yaxşı tədqiqat işlərinin siyahısında yer alıb.

 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu siyahı son iki il ərzində jurnalda çap olunan məqalələr arasında ən çox istinad edilən və ən çox oxunan tədqiqat işlərindən formalaşır.

 

“Bessel tipli sinqulyarlıqlar və spektral parametrdən asılı olan sərhəd şərtləri bir medalın iki üzüdür” adlı məqalədə göstərilib ki, Bessel tipli sinqulyarlıqlara spektral parametrin “mənfi sayda polyusu olan” rasional Nevanlinna funksiyasını ehtiva edən sərhəd şərtləri kimi yanaşmaq olar. Daha dəqiq desək, hər bir uc nöqtəsində ya Bessel tipli sinqulyarlığı, ya da spektral parametrin rasional Nevanlinna funksiyasını ehtiva edən sərhəd şərti olan birölçülü Şrödinger operatorlarına vahid şəkildə baxılıb və bu cür məsələlər arasında Darbu tipli çevirmələr təyin olunub. Xüsusi halda bu çevirmələr sərhəd şərtlərində spektral parametr olan məsələlərə aid hər hansı spektral nəticəni Bessel tipli sinqulyarlığı olan məsələlər üçün almağa (və ya əksinə) imkan verir.

 

Siyahı ilə link vasitəsilə tanış olmaq mümkündür:

 https://academic.oup.com/qjmath/pages/highly_cited_articles