Mayın 16-da Sumqayıt Dövlət Universitetində (SDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş Magistrantların XXIV Respublika elmi konfransı keçirilib.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, konfransda ölkənin elm və təhsil müəssisələrinin magistrantları, struktur rəhbərləri və professor-müəllim heyəti iştirak edib.
 
Əvvəlcə SDU-nun rektoru dosent Rüfət Əzizov və Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Ulu Öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri düzərək ona dərin ehtiramlarını bildiriblər.
 
Sonra elm və innovasiyalar üzrə prorektor dosent Elşad Abdullayev konfransın proqramı barədə məlumat verib. O deyib ki, iki gün davam edəcək elmi konfrans öz işini 13 bölmədə davam etdirəcək:”Konfransa ümumilikdə 19 elm və təhsil müəssisəsindən 560 tezis daxil olub, onlardan plagiat yoxlanmasından sonra 519 tezis qəbul olunaraq konfrans materialları toplusu şəklində çap olunub”.
 
Konfransda SDU-nun rektoru dosent Rüfət Əzizov çıxış edərək gənclərin elmi işlərə cəlb olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Sumqayıt Dövlət Universiteti artıq 24-cü ildir, Magistrantların Respublika elmi konfransına ev sahibliyi edir, gənc tədqiqatçılara geniş imkanlar açır, dəstək olur. Bu da magistrantlarda elmə, elmi tədqiqatlara olan marağı daha da artırır.
 
Rektor, həmçinin universitetdə gənclərin inkişafı və gənc tədqiqatçıların uğurlu fəaliyyəti üçün yaradılan şəraitdən söz açıb. O deyib ki, elmin maliyyələşdirilməsinin optimallaşdırılması, elm, təhsil və iqtisadiyyatın inteqrasiyasının dərinləşdirilməsi, beynəlxalq əlaqələrin inkişafı və s. dövlət siyasətinin əsas prioritetləridir: ”Bu istiqamətdə klassik universitet modelinə malik SDU-da elmin inkişafı, dünya elminə inteqrasiyası və elmi-tədqiqat yönündə  böyük işlər aparılır. Tədqiqat yönümlü bacarıqların artırılması üçün təşviq proqramlarının hazırlanması və həyata keçirilməsi istiqamətində addımlar atılır. Bu baxımdan SDU elmi tədqiqat institutları ilə əməkdaşlığını uğurla davam etdirir”.
 
Rektor, həmçinin BP-nin dəstəyi ilə SDU-da yeni magistr proqramına start verildiyini, SABAH.HUB və Sumqayıt Dövlət Universiteti ilə ortaq MBA proqramının tədrisi barədə də danışıb. 
 
Konfransda BSU-nun rektoru Anar Nağıyev çıxış edərək ənənəvi olaraq hər il SDU-da gənclərin elmi fəaliyyətə cəlb olunması üçün keçirilən konfransın yüksək səviyyədə təşkilindən və gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri, təcrübələri bölüşmək baxımından xüsusi əhəmiyyət kəsb etdiyini deyib. 
 
Digər çıxışlardan sonra konfrans öz işini bölmələr üzrə davam etdirib.