Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilməsi məqsədilə elm və təhsil nazirinin əmri ilə yaradılmış Seçki Komissiyasının iclası baş tutub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Seçki Komissiyası tərəfindən İctimai Şuranın üzvlüyünə seçilmək məqsədilə vətəndaş cəmiyyəti institutlarından təqdim edilmiş sənədlər müzakirə edilib. Komissiyaya Elm və Təhsil Nazirliyinin 4, vətəndaş cəmiyyəti institutlarının 5 nümayəndəsi daxildir. Müvafiq sahədə qanunvericiliyin tələblərinə uyğun olaraq namizədliyi irəli sürülmüş şəxslərin seçkidə iştirakına qərar verilib. Eyni zamanda Komissiyanın iclasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şura üzvlərinin say həddi 11 nəfər müəyyən edilib.
 
İctimai Şuraya üzvlüyə namizəd və seçici qismində iştirakla bağlı Elm və Təhsil Nazirliyinə (elektron qaydada və ya Vətəndaşların Qəbulu Mərkəzinə) 350-ə yaxın müraciət daxil olub. Sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 80 seçici və 19 namizəd rəsmi qeydiyyata alınıb. 
Məlumat üçün bildiririk ki, üzvlüyə namizədlər artıq seçkiqabağı təşviqat işlərinə başlayıb. Yaxın günlərdə İctimai Şura üzvlərinin seçilməsi barədə vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaq keçiriləcək.
 
Seçkilərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.