Bu gün Bakıda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) Baş Assambleyasının ikigünlük konfransı öz işinə başlayıb.

 

“Sərhədlərarası əməkdaşlıq” adı altında keçirilən tədbirdə transsərhəd akkreditasiyada tendensiyalar və problemlər, transsərhəd akkreditasiyanın iş dünyasına və iqtisadiyyata təsiri, transsərhəd əməkdaşlığı ilə bağlı müxtəlif mövzular müzakirə olunub. Tədbirdə xarici ixtisasların tanınması üçün təcrübələr, beynəlxalq akkreditasiya və ali məktəblər üçün strateji planlaşdırma, transsərhəd tanınma üçün hüquqi və siyasi çərçivə şərtləri və s. əhəmiyyətli mövzular diqqətdə olub.

 

Tədbiri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov açıb. Daha sonra elm və təhsil nazirinin müavini İdris İsayev çıxış edib. Çıxışlarda ali təhsildə akkreditasiya, bu sahədə əməkdaşlıq, ixtisaslaşmalar, ali təhsildə yeni inkişaf meyilləri və vəzifələrə, keyfiyyət təminatı ilə bağlı cari məsələlərə, çağırışlara və imkanlara toxunulub.

 

Tədbir sonra CEENQA-nın prezidenti Fransi Demşarın çıxışı ilə davam edib. F.Demşar transsərhəd ölkələri keyfiyyət təminatı agentlikləri və müəssisələri arasında əməkdaşlığın və Avropa ali təhsil məkanında ali təhsil müstəvisində dialoqun təşviq edilməsi imkanlarına dair geniş təqdimat  edib.

 

Transmilli təhsilin keyfiyyət təminatı, keyfiyyət təminatında yeni yanaşmalara həsr olunmuş tədbirə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru, CEENQA İdarə Heyətinin üzvü Ülkər Səttarova və Beynəlxalq Biznes İdarəetməsinin Akkreditasiyası Fondunun (FIBAA) icraçı direktoru Diane Freiberger moderatorluq ediblər.

 

 Tədbirdə beynəlxalq ekspertlərdən  Beynəlxalq Ali Təhsil Mərkəzinin  elmi işçisi,  Boston Kollecinin fəxri professoru Hans de Vith “Beynəlmiləlləşmə meyillərinin akkreditasiya prosesinə  təsirləri”,  Lids Universitetinin (Böyük Britaniya) professoru  Elspet Cons “Sərhədlərarası akkreditasiyanın keyfiyyətinin artırılmasında rolu”, Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının (ENQA) direktoru Anna Hover (Belçika) “ENQA baxımından beynəlxalq akkreditasiya” və Hollandiyanın Vittenborg Universitetinin baş direktoru Maggie Feng “Xarici ixtisasların tanınması üçün ən yaxşı təcrübələr, tələbə və mütəxəssislərin hərəkətliliyinin təşviqi”  üzrə qabaqcıl təcrübələr barədə çıxışlar ediblər.

 

Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Beynəlxalq Şəbəkəsinin (INQAAHE) İdarə Heyətinin üzvü professor Olgun Çiçek Azərbaycan nümunəsində Transsərhəd Kvalifikasiyaların və Keyfiyyət Təminatının Tanınması üzrə Hüquqi Çərçivə və Təcrübələr barədə panel müzakirələrə moderatorluq edib.

 

Akkreditasiya və ali təhsil sahəsində yeni inkişaf meyillərinə həsr olunmuş tədbir öz işini sabah da davam etdirəcək.

 

“Azərbaycan müəllimi” qəzetinə müsahibələrində tədbir iştirakçıları öz təəssüratlarını bölüşüblər.

 

Ölkəmizdə ilk dəfə olaraq ixtisaslar üzrə akkreditasiya keçirilir

 

Tural Əhmədov, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri:

 

- Bu gün Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) Baş Assambleyasının tədbiridir. Bu tədbirin ölkəmizdə keçirilməsinin xüsusi önəmi var. Bilirsiniz ki, keyfiyyət təminatı, akkreditasiya hazırda müzakirə olunan əsas mövzulardan biridir. Sözsüz ki, ölkəmizdə təhsil sahəsində aparılan tədbirlər çərçivəsində son illər, xüsusilə də bu sahədə önəmli işlər görülüb. Faktiki olaraq ötən ildən etibarən yeni qəbul olunmuş akkreditasiya meyarları əsasında ali təhsil müəssisələrində akkreditasiyanın keçirilməsi prosesi başlayıb. Ötən il 13 müəssisədə akkreditasiya həyata keçirilib, bu ilin qrafikinə uyğun olaraq həm ali təhsil müəssisələrimizin, həm institusional, eyni zamanda proqram akkreditasiyası üzrə fəaliyyət həyata keçiriləcək.

 

Qeyd edim ki, bu proqram - ixtisaslar üzrə akkreditasiya ölkəmizdə yenidir. İlk olaraq, ibtidai sinif müəllimliyinin akkreditasiyası həyata keçirilir və sözsüz ki, ilkin məlumatı biz sizinlə paylaşa bilmirik, çünki hazırda proses davam edir. Və ölkəmizdə tədrisi həyata keçirilən 14 müəssisədə həm əsas universitet olaraq, həm də filial olaraq bu proses ilboyu həyata keçiriləcək.

 

Bu tədbirin önəmi həm də onunla bağlıdır ki, təkcə Mərkəzi və Şərqi Avropa ölkələrində keyfiyyət təminatı agentliklərini bir araya gətirən platforma olmaqla yanaşı, eyni zamanda Təhsildə Keyfiyyət Təminatı Agentliyi həm bu platformanın tərkib hissəsi olması, Avropa Keyfiyyət Təminatı Agentlikləri Assosiasiyasının direktorunun bu tədbirdə iştirak etməsi TKTA-nın məhz bu təsisatda təmsilçiliyi kontekstində də bir addım öndədir.

 

Bu nə deməkdir? Bilirsiniz ki, bu istiqamətdə biz beynəlxalq tərəfdaşlıqda maraqlıyıq. Hazırda TKTA bu platformanın, yəni Avropa Keyfiyyət Təminatı Assosiasiyasının tam üzvü deyil, bu kontekstdən də biz önəmli fəaliyyətimizi həyata keçiririk ki, ölkəmizin aparıcı Təhsildə Keyfiyyət Təminatı Agentliyi bu platformanın da üzvü olsun ki, beynəlxalq təcrübə paylaşılsın. Bununla yanaşı, bugünkü tədbirdə akkreditasiya və keyfiyyət təminatı ilə əlaqədar müxtəlif beynəlxalq ekspertlərin də mövcudluğunun şahidi olursunuz. Onlar öz təcrübələrini məhz bu platformada məhz Bakıda da digər həmkarlara çatdırırlar. Düşünürük ki, bu, ölkəmizdə önəmli tədbirlərdən biridir.

 

“Bu tədbir beynəlxalq əlaqələrin gücləndirilməsinə öz müsbət töhfəsini verəcək”  

 

Ülkər Səttarova, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru:

- Bu gün CEENQA təşkilatının Baş Assambleyası keçirilir. Tədbirdə 40-dan çox keyfiyyət təminatı agentliklərinin müxtəlif ölkələrdən olan nümayəndələri iştirak edirlər. Bundan əvvəl belə bir tədbir Astanada olub. Astanada növbəti tədbirin 2024-cü ildə Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış etmişdik. Çox şadıq ki, tədbir bu gün Bakıda keçirilir. Buraya gələnlər keyfiyyət təminatı, universitetlərin proqram və institusional akkreditasiyası ilə məşğul olan agentliklərdir. Mən də həmin təşkilatın İdarə Heyətinin üzvüyəm, ona görə də bu, mənim üçün ikiqat məsuliyyət və şərəfdir. Onu da qeyd edim ki, çox maraqlı diskussiyalar, müzakirələr gedir. Sabah da tədbir burada davam etdiriləcək.

 

Məncə, bu tədbirin həm də bizim Təhsildə Keyfiyyət Təminatı Agentliyi üçün böyük faydası var. Çünki TKTA-nın mütəxəssisləri də yeni fikirlərlə tanış olurlar. Eyni zamanda bu tədbir sözügedən sahədə beynəlxalq əlaqələrin gücləndirilməsinə də töhfələr verəcək. Burada söhbət həm də beynəlmiləlləşmə, daxili keyfiyyət təminatı sahəsində olan mütəxəssislərin dəyərlərindən, əcnəbi müəllimlərin, tələbələrin sayından gedir. İlk panel müzakirə də beynəlmiləlləşməyə həsr olundu.

 

 Ona görə də hesab edirəm ki, bu, həm yerli mütəxəssislər, həm də xaricdən gələn qonaqlar üçün faydalıdır. Tədbir bizim bu sahədə beynəlxalq əlaqələrin gücləndirilməsinə öz müsbət töhfəsini verəcək.  

 

“Tədbirin Bakıda keçirilməsi bizi qürurlandırdı”

 

Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Beynəlxalq Şəbəkəsinin (INQAAHE) İdarə Heyətinin üzvü professor Olgun Çiçek:

 

“Mən Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Beynəlxalq Şəbəkəsinin dünya ölkələri üzrə təmsilçisiyəm. Bu tədbirə həm də INQAAHE-nin rəsmi nümayəndəsi olaraq dəvət edildim. Hər il keçirilən toplantı bu il Bakıda təşkil olundu. Tədbirin Bakıda keçirilməsi bizi qürurlandırdı. Həm TKTA, həm də CEENQA-nın iştirakı ilə keçirilən tədbir bizim üçün çox əhəmiyyətlidir. TKTA-nın tədbirinə dünyada tanınmış mütəxəssislərin gəlməsi də çox sevindiricidir. Bu tədbir qloballaşan dünyada ölkələrin bir-birinə səfər etməsi, qarşılıqlı təcrübə mübadiləsi aparması çox dəyərlidir. Burada Avropadan, bölgələrdən gələn bir çox qonaqlarla birlikdə həm ali təhsildə keyfiyyət təminatı, ali təhsil sistemində keçirilən akkreditasiyaların hansı səviyyədə olması, eləcə də bundan sonrakı mərhələnin necə olacağı üzrə müzakirələr aparacağıq. Bu gün moderatoru olduğum sessiyada ali təhsildə keyfiyyət təminatı məsələsinə toxunduq, sabahkı tədbirdə isə çağdaş dönəmdə tələbələrin necə yetişdirilməsi, əmək bazarına hazırlığı kimi məsələləri diqqətdə saxlayacağıq.

 

Ümid edirəm ki, bu tədbirin çox gözəl bəhrələri olacaq. Həm Azərbaycan, həm universitetlərimiz, həm də TKTA üçün çox gözəl məlumatlandırma və təcrübə mübadiləsi olacaq.

 

 

Oruc MUSTAFAYEV