Azərbaycan Texniki Universitetində (AzTU) gənclərin karyera planlamasına dəstək göstərilməsi və onların şəbəkələşməsini təmin etmək məqsədilə “İT sahəsində karyera planlaması və müasir dünyada süni intellektin rolu” mövzusunda panel müzakirə keçirilib. 
 
AzTU-dan "Azərbaycan müəllimi" nə bildirilib ki, tədbirin açılışında Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəsi Mətanət Xəlilova, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndəsi Bəxtiyar Quluzadə, AzTU-nun Karyera və Məşğulluq Mərkəzinin müdiri Ülviyyə Rəsulova və universitetin TGT sədri Ruslan Qənbərov çıxış edərək gənclər üçün karyera quruculuğu istiqamətində keçirilən layihənin əhəmiyyətindən söz açıblar. 
 
Daha sonra “İT sahəsində karyera planlaması və müasir dünyada süni intellektin rolu” mövzusunda panel müzakirələr keçirilib. 
 
150-dən çox gənci əhatə edən panel müzakirədə “Müasir dünyada İT, bazardakı iş imkanları və reallıqlar; Beynəlxalq şirkətlərdə İT”, “Universitet illərindən sonra İT mütəxəssisin ilk 5 ildəki hədəfləri”, “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik”, “Gənclərin universitet illəri üçün İT karyerası”, “Müasir dünyada süni intellekt rolu, istiqamət-karyera seçimləri” mövzuları ətrafında bir sıra önəmli fikirlər səsləndirilib.
 
Daha sonra gənclərin sualları cavablandırılıb.