TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalının açılış mərasimi keçirilir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, mərasimdə çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Rayev bildirib ki, bu festival türk dünyasında teatr sənətinin inkişafına və ölkələrimiz arasında mədəniyyət körpülərinin qurulması üçün bir töhfədir.
 
"İnanıram ki, Bakıdakı bu tədbirdən sonra ölkələrimiz arasında bu sahədə əməkdaşlıqlar daha da genişlənəcək. Bu festival türk dövlətlərində teatr sənətinin çoxşaxəliliyini göstərməyə imkan verəcək və dünya mədəniyyəti üçün də bir töhfə olacaq" - deyə o qeyd edib.
 
Daha sonra Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova çıxış edib, tədbirin önəminə, türk dövlətlərinin zəngin mədəni irsə malik olduğunu diqqətə çatdırıb.
 
Tədbir konsert proqramı ilə davam edib.
 
Açılış mərasiminin ssenari müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı, kinodramaturq İlqar Fəhmi, rejissoru Əməkdar artist Nicat Kazımovdur. 
 
Açılış mərasimində ADMİU-nun Xalq çalğı alətləri orkestri (bədii rəhbər və dirijor Mustafa Aşurov), tələbə xoru (bədii rəhbər və dirijor f.e.d. Təranə Yusifova), universitetin müəllim və tələbələri, müxtəlif illərdə məzun olmuş tanınmış aktyorlar, habelə, Bakı Xoreoqrafiya Akademiyasının tələbə və şagirdlərindən ibarət rəqs kollektivi iştirak ediblər.
 
Qeyd edək ki, festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan kimi türkdilli ölkələrdən yaradıcıyönümlü ali təhsil ocaqlarının rektorları, nümayəndə heyətləri, eləcə də aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələr qatılıblar.
 
Festival boyunca 20-22 may tarixlərində Gənc Tamaşaçılar Teatrı və Akademik Rus Dram Teatrında iştirakçı tələbələrin tamaşaları təqdim olunacaq. 
 
Mayın 22-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Festivalın rəsmi bağlanış və mükafatlandırma mərasimi baş tutacaq.

Qeyd edək ki, münsif qismində aşağıdakı şəxslər iştirak edəcək:
İsrafil İsrafilov - Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor, sədr (Azərbaycan);
Meruyert Zhaxylykova – Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, teatr tənqidçisi (Qazaxıstan);
Şerzod Muhammadiyev – Musiqili teatr sənəti kafedrasının müdiri, dosent (Özbəkistan); 
Janış Kulmanbetov - Xalq yazıçısı, rejissor, teatr tənqidçisi (Qırğızıstan);
Murat Atak – Rejissor, aktyor, pedaqoq (Türkiyə).