“Parlaq Gələcəyim” layihəsi çərçivəsində növbəti görüş Quba şəhər Azad Məmmədov adına 2 nömrəli Təbiət fənləri təmayüllü məktəb-liseydə keçirilib.  
 
“Azərbaycan müəllimi” xəbər verir ki, açılış nitqi ilə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Xaricdə təhsil sektorunun müdiri Peyman Almasov məktəblilərə məqsədli olmağı və arzularına çatmaq üçün yorulmadan çalışmağı tövsiyə edib.  
 
Tədbirin digər qonaqları “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində İsveçrə (“International University in Geneva) universitetindən məzun olmuş Günay Muxtarova “Bu günün və gələcəyin peşələri”, Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Macarıstan (Eötvös Loránd University) universitetindən məzun olmuş Fidan Məmmədli “Sürətlə dəyişən iş mühiti və yeni bacarıqlar” mövzularında şagirdlərə məlumat veriblər.
 
Daha sonra Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının nümayəndəsi Vəfa Əhmədova “Öz istedadını kəşf et” mövzusunda çıxış edib. 
 
Tədbirin təşkilinə dəstək göstərən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşı Aynurə Dadaşova da çıxış edərək xaricdə təhsil və bu istiqamətdə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. 
 
Sonda məktəblilərlə interaktiv oyunlar keçirilib və qaliblər mükafatlandırılıb.