LDU-da Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib


Lənkəran Dövlət Universitetində  (LDU)  9 noyabr-Dövlət Bayrağı Gününə həsr olunmuş bayram tədbiri  keçirilib.

 

Əvvəlcə iştirakçılar Azərbaycanın  Dövlət himnini oxuyub.

 

Sonra LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bayram təbrikini çatdırıb. O, universitet kollektivini - professor-müəllim-tələbə heyətini bayram münasibəti ilə təbrik edib,  milli bayrağımızı  xalqın  sərvəti, mənliyi, şərəfi, qurur mənbəyi adlandırıb, onu dəyərləndirməyi , göz bəbəyi kimi  qorumağı gənclərə tövsiyə edib.

 

Humanitar fakültənin dekanı, tarix üzrə fəlsəfə doktoru Kamal Mahmudov milli atributlarımızdan biri olan bayrağın yaranma tarixi, xalqın mənəviyyatında  oynadığı rol, mahiyyəti barədə ətraflı bəhs edib. Bildirib ki, ölkə başçısı İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla hər il noyabrın 9-u  ölkəmizdə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi  qeyd edilir. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı  milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilk rəmzlərindən birinə çevrilib. Bayrağımız xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

 

Mərasim universitet tələbələrinin ifasında vətənpərvərlik mövzusunda  nikbin  ruhlu ədəbi-bədii kompozisiya   ilə yekunlaşıb.

 

Qeyd edək ki, sabah Lənkəran Şəhər İcra Hakimiyyətinin və  Lənkəran Dövlət Universitetinin  birgə təşkilatçılığı ilə rayonda  möhtəşəm bayraq yürüşü keçiriləcək.