Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Türkiyənin Atatürk Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb. 
 
AzMİU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, memorandum Atatürk Universitetinin rektoru professor Ömer Çomaklının Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 7-ci Baş Assambleyasının iclasında iştirakı məqsədilə ölkəmizə səfəri çərçivəsində AzMİU-da imzalanıb. 
 
İmzalanma mərasimində çıxış edən rektor professor Gülçöhrə Məmmədova AzMİU ilə Atatürk Universiteti arasında TÜRKÜNİB çərçivəsində əməkdaşlığın mövcud olduğunu vurğulayaraq birliyin yaranma tarixini xatırladıb:
 
“Bu gün şərəflə deyə bilərik ki, AzMİU TÜRKÜNİB-in yaranmasında iştirak edən ilk universitetlərdəndir. O zaman qurumun yaranmasında Azərbaycandan üç universitet, o cümlədən AzMİU da iştirak edib. Düzdür, əvvəllər birlik çərçivəsində sıx əməkdaşlıq olmadı, lakin son dönəmlər Türk dövlətlərinin əlaqələrinin daha da yaxşılaşması, xüsusilə Azərbaycan və Türkiyə Prezidentlərinin bu istiqamətdə səyləri TÜRKÜNİB-in də inkişafı üçün əlverişli mühit formalaşdırıb. Ümidvaram ki, qurumun inkişafı AzMİU və Atatürk Universiteti arasında bugünədək olan əlaqələri daha da inkişaf etdirəcək, ölkələrimiz, ümumilikdə Türk dünyası üçün mühüm layihələrin icrası ilə nəticələnəcək”. 
 
Atatürk Universitetinin rektoru professor Ömer Çomaklı görüş üçün təşəkkürünü bildirib, 20 il öncə yaranmış bu birlik çərçivəsində əməkdaşlıq məsələlərindən, indiyədək həyata keçirilən işlərdən, gözləntilərindən danışıb. O, AzMİU və birlik ilə əlaqələrin daha da inkişaf etdirilməsinin hədəfləndiyini vurğulayıb: “TÜRKÜNİB-in yaranmasında Azərbaycandan AzMİU, Türkiyədən də Atatürk Universiteti ilk təsisçilərdən olub. Bu mənada birliyin inkişafı bizim üçün daha da əlamətdardır. Hesab edirəm, əməkdaşlığımızın genişlənməsi, daha da inkişaf etdirilməsi üçün əngəllər aradan qalxıb, daha əlverişli mühit formalaşıb. Qarşılıqlı səfərlər və ortaq layihələrlə ölkələrimiz və Türk dünyası üçün faydalı işlər görə biləcəyimizə inanıram”. 
 
Çıxışlarda ortaq tədqiqat, ortaq elmi məqalələrin nəşri, ortaq patentin alınması və bir-birinə dəstək olmaqla beynəlxalq reytinqin yüksəldilməsi məsələlərinə də toxunulub. Bundan əlavə, AzMİU və Atatürk Universiteti arasında ikili diplom müqaviləsi layihələrinin hazırlanması ilə bağlı şifahi razılıq əldə olunub.