Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli KQ-05 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” əsasında 2024-cü il üçün Gəncə Dövlət Universitetinin akkreditasiyası həyata keçirilir.
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən məlumat verilib.
 
Bildirilib ki, akkreditasiya prosesi Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən icra edilir.  Qəbul olunmuş dövlət təhsil standartlarına, təhsil sahəsinə aid digər normativ-hüquqi aktların tələblərinə uyğunluğu yoxlamaq üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən yaradılmış komissiya tərəfindən  universitetin özünütəhlil hesabatının əsasında təhlillər aparılır.
 
GDU qarşıdakı 5 il müddətində "Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” əsasında fəaliyyətini davam etdirməyi və mövcud fəaliyyətləri daha da təkmilləşdirməyi planlaşdırır.
 
Yekun mərhələdə universitetin növbəti 5 il ərzində fəaliyyət göstərməsinə əsas verən şəhadətnamə verilməsi üçün  Elm və Təhsil Nazirliyinin “Akkreditasiya Şurası” qarşısında komissiya tərəfindən vəsatət qaldırılması gözlənilir.