Çili Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Cankarlo Alaberti Barios, bu ölkənin məşhur ALMA rəsədxanasının baş astronomu David Rebolledo və mütəxəssisi Nicolas Lira Bakı Dövlət Universitetində (BDU) olublar.
 
BDU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, qonaqları salamlayan rektor Elçin Babayev BDU, eləcə də astrofizika kafedrası haqqında ətraflı məlumat verib. O bildirib ki, kafedra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci ildə yaradılıb. Kafedra astofizika sahəsində Azərbaycanda yüksəkixtisaslı kadr hazırlığı istiqamətində fəaliyyət göstərir. Rektor BDU ilə ALMA rəsədxanası arasında tələbə və təqdiqatçıların mübadiləsi, qısa və uzunmüddətli ezamiyyətlər, radioastronomiya sahəsində kadr hazırlığı və digər istiqamətlərdə əməkdaşlıq imkanlarının mövcudluğunu vurğulayıb.
 
Çili Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Cankarlo Alaberti Barios bildirib ki, ALMA rəsədxanası 20 ölkə əməkdaşlıq edir. O, Azərbaycanı da bu ölkələr arasında görmək istədiyini qeyd edib. 
 
Sonra Çilidən olan astronomlar fizika fakültəsinin professor-müəllim heyəti və tələbələri ilə görüşüb. Görüşdə David Rebolledo və Nicolas Lira ALMA rəsədxanası və orada aparılan elmi tədqiqat işləri haqqında geniş məlumat veriblər.
 
Çıxışlar tələbələrin marağına səbəb olub. Sonda qonaqlar onların suallarını cavablandırıblar.