Mayın 22-də Azərbaycan Texniki Universitetində (ATU) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Azərbaycan universitetləri və elmi-tədqiqat institutlarının 68 nəfər tələbə və aliminə Almaniyada təhsil və tədqiqat aparmaq üçün təqaüdləri təqdim olunub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann rəhbər vəzifədə çalışan, ali məktəblərdə tədris edib, araşdırma aparan şəxslərin çoxunun DAAD təqaüdçüsü olduğunu və bu fəaliyyətlərinin ölkəmizlə dostluq əlaqələrinin qurulmasında böyük rol oynadığını bildirib. ATU-nun Almaniya ilə daha mühüm əlaqələrinin 2022-ci ilin sentyabrında yeni alman mühəndislik fakültəsi açılması ilə gücləndiyini vurğulayan diplomat qeyd edib: “Maşınqayırma, robototexnika, informasiya texnologiyaları üzrə təhsil alan tələbələr tədris proqramı çərçivəsində alman dilini daha dərindən öyrəniblər. Almaniyada təhsil almaq və tədqiqat aparmaq üçün Azərbaycanın müxtəlif universitetlərindən və elmi-tədqiqat institutlarından 68 tələbə və alimə təqaüd verilib. Növbəti illərdə bu sayın artacağına ümid edirik”.
 
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev tədbirin çox əlamətdar olduğunu diqqətə çatdırıb. "Almaniya və Azərbaycanın birgə əməkdaşlığı nəticəsində reallaşan bu layihə texnologiya və iqtisadiyyatın inkişafı istiqamətində vacib addımdır. DAAD-ın konfranslarında iştirak edən şəxslər maraqlı təcrübələrə yiyələnib. Bütün qalibləri təbrik edirəm",- deyə o, əlavə edib.
 
Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Tbilisi regional ofisinin rəhbəri Gebhard Reul söyləyib ki, təşkilat tələbə və elm adamlarının beynəlxalq mübadiləsini dünyada təşviq edir: "DAAD akademik sistemi beynəlmiləlləşmək, almanşünaslığı və alman dilini təbliğ etmək üçün Almaniya universitetləri və onların tələbə qurumlarının təşkilatıdır. DAAD Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir. Azərbaycan Texniki Universitetində DAAD-nin lektoriyası var. 2021-ci ildə Tbilisidə Cənubi Qafqazın üç ölkəsinə cavabdeh olan regional ofisi açılıb".
 
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov təqaüdçülərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
 
Tədbirdə Almaniyada təhsilin üstünlüklərini əks etdirən videoçarx göstərilib, müxtəlif musiqi nömrələri səsləndirilib.
 
Sonda təqaüdü qazanan şəxslərə mükafat təqdim olunub.