Təhsil İnstitutu (ARTİ) tərəfindən sertifikatlaşdırmadan kəsilən müəllimlər üçün təlimlər 2023-cü ildə 2 may tarixində başlayıb, avqust ayının sonuna kimi 3 ay davam edib. 2024-cü ildə isə aprel ayının əvvəlində başlayıb, may ayının sonuna qədər davam edəcək.

Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva məlumat verib.


Qeyd olunub ki, müəllimlərin təlimə cəlb edilməsini maksimum təmin etmək məqsədi ilə onların yaşadıqları yerə yaxın ərazilərdə təlim mərkəzləri təşkil olunub. 2023-cü ildə müəllimlər əvvəlki ilə nisbətən təlimlərdə daha həvəslə iştirak ediblər. Hətta 60 yaşlı müəllimlər belə, bu il təlimlərə böyük ümidlə qatılıblar. Nəticə olaraq 2023-ci ildə sertifikatlaşdırma üzrə keçirilən təlimlərdə iştirak edən müəllimlərdən 557 nəfərini 60 yaşlı müəllimlər təşkil edib. 2023-cü ildə keçirilən təlimlərin uğurlu nəticəsi olaraq müəllimlərin 2024-cü ildə keçirilən təlimlərdə daha böyük həvəslə və ümidlə iştirak etmələri müşahidə olunur. Təlim işrirakçılarının Azərbaycan dili və ədəbiyyat fənni üzrə 36 nəfərini, ibtidai sinif üzrə 100 nəfərdən çoxunu 60 yaşlı müəllimlərin təşkil etməsi də bunu təsdiq edir.
 

Təlimlərə ancaq sertifikatlaşdırma imtahanında uğur qazana bilməyən müəllimlər cəlb olunub. Təlimlər həm Bakıda, həm də regionlarda keçirilir.
 
Həmçinin bildirlib ki, həm 2023-cü ildə, həm də 2024-cü ildə keçirilən təlimlər sertifikasiya imtahanından yüksək nəticə toplayan müəllimlər tərəfindən həmkarlarına dəstək olaraq aparılır. Əsasən, yüksək nəticə göstərən region müəllimləri təlimçi kimi prosesə cəlb olunublar. Onlar sertifikasiya imtahanının müsahibə mərhələsindəki nəticələri də nəzərə alınaraq təlimçi hazırlığı təlimindən keçdikdən sonra sertifikatlaşdırma üzrə təlimlərin aparılmasına cəlb ediliblər.