Ölkəmizdə rus dilinin tədrisinə diqqət və qayğının nəticəsi olaraq Elm və Təhsil Nazirliyi, Rusiya səfirliyi və Rossotrudniçestvo əməkdaşlığı çərçivəsində Mirzə Şəfi Vazehin 230 illiyinə və Aleksandr Sergeyeviç Puşkinin 225 illiyinə həsr olunan rus dilində XVI Respublika Olimpiadası keçirilib.
 
Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə bildirilib ki, olimpiadanın yekun nəticələrinə əsasən, 22 may 2024 -cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində mükafatlandırma tədbirləri keçirilib.
 
Tədbirdə Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Elvin Rüstəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Nikolayeviç, ictimaiyyət nümayəndələri, millət vəkilləri dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.
 
Qeyd edək ki, sözügedən olimpiada artıq illərdir ölkəmizdə təşkil olunur və tədrisi rus dilində aparılan məktəblər tərəfindən böyük maraqla qarşılanır.