Yeni təsdiqlənən “Təhsilverənlərin etik davranış Qaydaları”nda yer alan prinsiplərə əsasən, təhsilverən cəmiyyət və dövlətin maraqları naminə öz fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, qaydalarda qeyd olunur ki, təhsilverən hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalı, vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.
 
Təhsilverən öz fəaliyyəti ilə bağlı mediada və sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməli, təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli və təmkinli olmalı, xidməti fəaliyyəti ilə əlaqədar iradlara, tənqidi fikirlərə hörmətlə yanaşmalı və onları dəyərləndirməli, təhsilverənin xarici görkəmi və geyimi çalışdığı təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına uyğun olmalıdır.
 
Bundan başqa, təhsilverən vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya siyasi mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır.
 
Təhsilverən özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır.
 
Eyni zamanda təhsilverən təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Təhsilverən etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmalı və ictimai etimadın bərpası üçün tədbirlər görməlidir;
 
Təhsilverən çalışdığı təhsil müəssisəsinin və onun rəhbərliyinin fəaliyyəti barədə media subyektlərinin qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərməlidir.
 
Təhsilverən insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməməli və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməli, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla vəzifəsinin icrası ilə bağlı təhsilalanların, onların valideynləri və ya digər qanuni nümayəndələrinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan informasiyanın məxfiliyini təmin etməli, vəzifəsinin icrası ilə bağlı ona məlum olan xidməti məlumatların məxfiliyini qorumalı, ictimailəşdirməməli, özünün və digər şəxslərin mənafeyi üçün istifadə etməməlidir.