Mayın 24-dən etibarən Azərbaycanda uşaqlara erkən yaşlardan iqlim dəyişmələri və dayanıqlılıqla bağlı biliklərin aşılanmasını nəzərdə tutan innovativ layihənin icrasına başlanılıb.
 
"Azərbaycan müəllimi" UNICEF Azərbaycana istinadən xəbər verir ki, 2024-ci ilin may ayında icra olunmağa başlayan “Yaşıl bağça” layihəsi məktəbəqədər yaşlı uşaqlar və məktəbəqədər təhsil üzrə pedaqoji heyət arasında ətraf mühitlə bağlı bilikləri aşılamaq və məsuliyyət hissi formalaşdırmaq məqsədini daşıyır. Bu layihə Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF), Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Ağ Yelkən Metodologiya Mərkəzinin birgə tərəfdaşlığı ilə həyata keçirilir. Layihə uşaqlar üçün uyğunlaşdırılmış öyrədici resursların hazırlanmasını nəzərdə tutur.
 
UNICEF qeyd edir ki, erkən yaş dövrü uşaqların ətraf mühitə münasibətlərini formalaşdırmaq və onların gələcəyi üçün bünövrə yaratmaq baxımından olduqca əlverişli bir mərhələdir. Belə ki, tədqiqatlar da azyaşlı uşaqların ömürboyu qalacaq vərdiş və münasibətlər formalaşdırmağa daha açıq olduğunu göstərir.
 
Məhz buna görə də layihə ekspertləri ətraf mühit amilləri ilə bağlı məlumatlılığın əhəmiyyətini azyaşlı uşaqlara izah etməkdə müəllimlərin köməyinə çatacaq müxtəlif tapşırıq və təlim materiallarını hazırlayıb sınaqdan keçirəcək. Müəllimlər iqlim dəyişmələri və dayanıqlılıq anlayışlarını  interaktiv şəkildə tədris etmək üçün incəsənət və əl işləri məşğələlərindən istifadə edəcəklər. Bununla yanaşı, onlar iqlim dəyişmələrinin risklərini və onların azaldılması yollarını təsvir edən hekayə və nağılların hazırlanmasında və nəşr olunmasında ekspertlərlə birgə işləyəcəklər. Bu hekayələr mövzuları azyaşlı uşaqlar üçün anlaşılan və maraqlı etmək məqsədi daşıyır.
 
Qeyd edək ki, COP29 (BMT-nin İqlim Dəyişikliyi Konfransı) tədbirindən əvvəl başlayan layihə hazırda Bakı və Abşeron yarımadasındakı müəyyən uşaq bağçalarında həyata keçirilir. 2025-ci ildən isə digər rayonlarda da həyata keçirilməsi planlaşdırılır.