Bakı şəhər Nazim İsmayılov adına 80 nömrəli tam orta məktəbin tarix müəllimi Afət Nəbiyeva və Qusar rayonu İmamqulukənd kənd tam orta məktəbin tarix müəllimi Suqra Cəfərova “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Şəhərdən kəndə inteqrasiya” adlı hazırladıqları birgə layihəni həyata keçiriblər.  
 
Layihə müəllifi Afət Nəbiyeva “Azərbaycan müəllimi”nə bildirib ki, layihə kənddə və şəhərdə təhsil alan şagirdlərin fərqli mühitlərdə əldə etdikləri bilik və bacarıqlarını bölüşmələri, təhsildə əməkdaşlıq, həmrəylik formalaşdırmaq, kənd məktəblilərinin sosial aktivliyini düzgün istiqamətə yönləndirmək və ekoloji cəhətdən təmiz mühitdə təhsil almağın üstünlükləri yönündə maarifləndirmə aparmaq məqsədi daşıyır.  
 
Bu məqsədlə Bakı şəhər 80 nömrəli tam orta məktəbin şagirdləri Qusar rayonu İmamqulukənd məktəbində olublar. Şagirdlər coğrafiya müəllimi Aynur Qəhrəmanova ilə birlikdə “Böyük coğrafi kəşflərə” aid inteqrasiya olunmuş dərsdə birgə interaktiv dərs keçib, rollu oyun və yarışlarda iştirak ediblər. 
 
Daha sonra şagirdlərin XVIII əsrdə baş vermiş Gavduşan döyüşünün keçirildiyi məkana səfərləri təşkil edilib, burada döyüş haqqında müzakirələr aparılıb. Şagirdlərə müharibələrin təbiətə vurduğu zərərlər, ətraf mühiti çirkləndirən amillər barədə məlumat verilib. 
 
Sonda hər iki məktəbin müəllimləri tərəfindən şagirdlərə sertifikatlar təqdim olunub.