“UNEC – 100 İnkişaf Strategiyası”na əsasən, 2030-cu ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin bütün təhsil proqramlarının beynəlxalq akkreditasiyadan keçməsi hədəflənib.
 
UNEC-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, bu məqsədlə FIBAA (Foundation for International Business Administration Accreditation) beynəlxalq akkreditasiya qurumunun 7 beynəlxalq eksperti UNEC-də səfərdə olub.
Səfərin ilk günündə beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlı UNEC barədə təqdimatla çıxış edərək, universitetin beynəlxalq əlaqələri, dünya reytinqlərindəki mövqeyi, əcnəbi tələbələrin qəbulu və s. barədə məlumat verib.
 
Elm üzrə prorektor dosent Gəray Musayev isə UNEC-in inkişaf strategiyası, tədris və imtahan prosesi, təhsil proqramları, təcrübənin təşkili, məzunların məşğulluğu və s. barədə ekspertləri məlumatlandırıb.
 
Beynəlxalq ekspertlər müvafiq struktur və ixtisas rəhbərləri ilə də görüşlər keçirərək, akkreditasiya ilə bağlı akademik heyət, tələbələr, məzunlar və sənaye təmsilçiləri də daxil olmaqla, ali təhsilin bütün aspektləri üzrə onları maraqlandıran mövzularda müzakirələr aparıblar.
 
Keyfiyyət Təminatı şöbəsinin təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində ekspertlər UNEC-in infrastrukturu ilə də tanış olublar.