Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan gənc alim və  mütəxəssislər üçün “Akademik Əli Quliyev adına mükafat” və “Ən yaxşı elmi məruzə” müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. 
 
Aşqarlar Kimyası İnstitutundan “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə elmi qurumun baş direktoru akademik Vaqif Fərzəliyev bu müsabiqənin  əvvəlki müsabiqələrdən fərqləndiyini söyləyib. 
 
Gənc alim və mütəxəssislərin elmi məruzələrinin institutun ayrı-ayrı laboratoriyalarında ətraf mühitin ekoloji sağlamlaşdırılması və problemlərinin həllini əhatə edən, konkret olaraq neftlə çirklənmiş ərazilərin təmizlənməsi, kənara atılan yağların regenerasiyası, turş qudronun emalı və s. istiqamətdə apardıqları tədqiqatların nəticələrinə həsr edildiyini deyən V.Fərzəliyev bunu elmi müəssisənin və onun alimlərinin “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfəsi kimi qiymətləndirib. 
 
Akademik müasir dünyanın qlobal çağırışları kontekstində gənc alim və mütəxəssislərin qarşısında duran vəzifələrdən danışıb, gənclərin elmi hərəkatın hərəkətverici qüvvəsinə çevrilməli olduqlarını vurğulayıb:”Belə müsabiqələrin keçirilməsində məqsəd də onları bu proseslərə həvəsləndirməkdir”.
 
İnstitutun icraçı direktoru, Müsabiqə Komissiyasının sədri professor Əfsun Sucayev isə hər iki müsabiqə haqqında məlumat verib, qaliblərin seçim meyarlarının namizədlərin məruzə etdiyi mövzunun aktuallığı, əldə olunan nəticələrin elmi və praktikliyi, məruzəçinin sualları cavablandırma səviyyəsi və bu mövzuda dərc etdirdikləri elmi əsərlərdən ibarət olduğunu söyləyib.
 
 
O, “Akademik Əli Quliyev adına mükafat” və “Ən yaxşı elmi məruzə” müsabiqəsinin qalibləri seçilərkən ekspert dəyərləndirməsinin şəffaf aparıldığını vurğulayıb. 
 
Beləliklə, komissiyanın qərarı ilə son bir ildə elmi nailiyyətlərinə görə institutun kiçik elmi işçisi Nərgiz Məcdi “Akademik Əli Quliyev adına mükafat”a, magistr Bəyim İbrahimova “Ən yaxşı elmi məruzə” müsabiqəsi üzrə I, doktorant  Şəfa Kazımzadə II, kiçik elmi işçi Samir Cəfərov isə III yerlərə və institutda çalışan gənclərdən Gülşən Qasımova, Leyla Vahidzadə, Mir Əli İsakov həvəsləndirici mükafatlara layiq görülüblər.
 
Qaliblərə diplom və pul mükafatları verilib.