30 may 2024-cü il tarixində dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələr yekunlaşdı.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, övladının müsahibədəki nəticəsindən narazı qalan valideynlər 3 iyun 2024-cü il tarixinə qədər mektebeqebul.edu.az saytının əlaqə bölməsində "Apellyasiya Komissiyasına müraciət" hissəsini seçərək müraciət edə bilərlər.
 
Tədris digər dillərdə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarında təhsil alan və müsahibədə uğur qazanan uşaqlar sistem tərəfindən avtomatik olaraq 1-ci sinfə yerləşdiriləcəklər. Məktəbəhazırlıq qruplarında təhsil almayan və müsahibədə uğur qazanan uşaqlar üçün həmin bölmə üzrə məktəb və müəllim seçimi isə 12 iyun 2024-cü il tarixində saat 11:00-dan etibarən başlayacaq.
 
Qeyd edək ki, 12 iyun tarixindən 12 iyul tarixinə qədər Abşeron rayonu, Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən bir sıra ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan bölmələri üzrə yalnız üstünlük hüququ əsasında qəbul aparılacaq. 12 iyul 2024-cü il tarixindən 13 sentyabr tarixinə qədər isə sərbəst (prioritetsiz) seçim mümkün olacaq. Valideynlər üstünlük hüququ tətbiq edilən müəssisələrin siyahısı ilə mektebeqebul.edu.az saytında tanış ola bilərlər.