Sertifikatlaşdırma prosesi təhsilimizin daha bilikli, savadlı və bacarıqlı müəllimlərlə inkişaf etməsinə şərait yaradır və eyni zamanda təhsilverənlərdə məsuliyyət hissini artırır.
 
Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
 
O qeyd edib ki, beynəlxalq təcrübədə sürətli tendensiyalar baş verir, dünyada təhsilə baxış dəyişir, müəllimlərin bilik və bacarıqları davamlı olaraq yoxlanılır. Bu baxımdan müəllimlər öz üzərində daim işləməli, inkişafda olmalıdırlar:
 
"Şübhəsiz ki, sertifikatlaşdırma prosesi ən yaxşı, savadlı və peşəkar müəllimlərin müəyyənləşdirilməsində mühüm rol oynayır. Təhsilin keyfiyyətinin artırılması və məzmununun yenilənməsi istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən mühüm addımlar atılır, bir sıra yeniliklər tətbiq olunur, məqsədyönlü işlər həyata keçirilir. Düşünürəm ki, artıq 3-cü ildir ki, həyata keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesi nəticə etibarilə təhsilimizin inkişafında önəmli yer tutmaqla bərabər, ümumtəhsil müəssisələrimizdə peşəkar, bacarıqlı və yaradıcı müəllimlərin fəaliyyəti üçün geniş imkanlar yaradır. Ən əsas məqamlardan biri də müəllimlərin sertifikatlaşdırılması prosesinin tam şəffaf və obyektiv şəkildə keçirilməsidir".
  
Deputat  əlavə edib ki, hər bir müəllimin bilik və bacarığını əks etdirən sertifikatlaşdırma balına müvafiq olaraq onların əməkhaqqılarına müəyyən əlavələr olunur ki, bu da təhsilverənlərin sosial-maddi vəziyyətlərinin yaxşılaşdırılması deməkdir:
 
"Əlbəttə, bu, birmənalı olaraq müəllimlərin rifahına da ciddi təsir edən prosesdir. Sertifikatlaşdırmanın müəllimlərimizə qazandırdığı məsələlərdən biri də onların əməyinin stimullaşdırılmasıdır. Hesab edirəm ki, builki sertifikatlaşdırmada da müəllimlərimiz peşəkarlıqlarını, bilik və bacarıqlarını yüksək səviyyədə nümayiş etdirəcəklər".
 
Ceyhun Məmmədov sonda  sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərimizlə bağlı məsələyə də toxunaraq onların ümumtəhsil müəssisələrində texniki işçi kimi çalışmasının diqqətdə saxlanılmasının vacibliyini qeyd edib.
 
Samirə KƏRİMOVA