"Müəllim daim öyrənməli, öz üzərində işləməli və yaradıcı olmalıdır. Sertifikatlaşdırma prosesi də məhz belə müəllimlərin təhsil müəssisələrimizdə olmasına imkan yaradır".
 
Bunu "Azərbaycan müəllimi" qəzetinə müsahibəsində Xalq şairi Vahid Əziz deyib. O bildirib ki, bu gün müəllimlərimiz daha peşəkar, yüksək bilik və kompetensiyalara malikdirlər. 
 
"Yaxşı müəllimin yaxşı şagirdləri olur. Və mən sevinirəm ki, bizim təhsil müəssisələrində gözəl, işinin fanatı olan, səriştəli, peşəkar müəllim ordusu formalaşıb. Birmənalı olaraq mən Elm və Təhsil Nazirliyi tərəfindən müəllim seçiminə daha həssas və məsuliyyətlə yanaşılmasını alqışlayır, bəyənirəm.
 
Bizim dövrün müəllimləri də kifayət qədər savadlı və bilikli olublar. Onların sələfləri olan indiki müəllimlər də, təbii ki, yaşadığımız dövrün təhsil sisteminə uyğun formalaşmış, yüksək bilik və bacarıqlara malik pedaqoqlardır. Öz üzərlərində çalışır və daha məsuliyyətlidirlər. Təhsilverənlərimiz kifayət qədər informasiyaya malik, müasir şagirdlərlə işləyirlər və onların yaxşı müəllim olmamağa haqqı yoxdur. Hazırkı müəllimlərimizin pedaqoji ustalığı yüksəkdir və daha yaradıcıdırlar, eyni zamanda şagirdlərə qarşı olduqca humanistdirlər" - deyə Vahid Əziz qeyd edib.