İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Məleykə Paşayeva “Pilotsuz sistemlər: süni intellekt, dizayn və səmərəlilik üzrə beynəlxalq simpozium”da (International Symposium on Unmanned Systems: Artificial Intelligence, Design & Effeciency – ISUDEF24) məruzə ilə çıxış edib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev və Məleykə Paşayevanın həmmüəllifi olduqları “Ağıllı” sensorlar intellektual idarəetmə və nəzarət sistemlərinin tərkib hissəsi kimi” (Smart" sensors as an integral part of intelligent management and control systems) mövzusunda məruzədə vahid IoT konsepsiyası çərçivəsində sensorların və sensor şəbəkələrinin elmi-texniki məsələləri və müasir vəziyyəti analiz edilib.
 
M. Paşayeva tədqiqat çərçivəsində avtonom sensor qrupları və sensor şəbəkələri arasındakı rabitə, verilənləri ötürmə  protokolları (standartları), şəbəkə marşrutizasiya sxemləri ilə bağlı araşdırmalar aparıldığını nəzərə çatdırıb. Bildirib ki, sensorların geniş tətbiq edildiyi sahələr müəyyənləşdirilib və funksionallıq xüsusiyyətləri amili üzrə təsnifatı aparılıb. Bəzi tətbiq sahələrində, o cümlədən avtonom nəqliyyat şəbəkələrində, PUA-larda və s. istiqamətlərdə istifadəsi nümunə kimi qeyd edilib. PUA-da istifadə edilən əsas və köməkçi sensorlar funksional təyinatı amilinə görə təsnif olunub.
 
Həmçinin çıxış zamanı bu sensorların iş prinsipinin qısa şərhi verilib. Məruzəçi Vahid IoT Konsepsiyasının mahiyyəti, “ağıllı” sensorların və onların naqilsiz şəbəkələrinin İKT ilə konvergensiyası əsasında yaradılmış  “ağıllı” sistemlərin təkamül tendensiyası, yaxın perspektiv inkişafı ilə bağlı bəzi mülahizələrdən bəhs edib. Bildirib ki, bu konvergensiya prinsipləri əsasında yaradılan sistemlər təbii proseslərə nəzarət edilməsi, monitorinqinin aparılması və onların idarə olunması istiqamətində geniş imkanlar açır.
 
Çıxışının sonunda M.Paşayeva əldə olunmuş elmi nəticələr, o cümlədən  kvadrokopter, heksakopter və multikopter tipli PUA-da bəzi son model sensorların istifadə edilməsinin səmərəliliyinin əsaslandırılması  məqsədilə aparılan hesablamaları diqqətə çatdırıb.
 
Qeyd edək ki, konfransa təqdim olunmuş materiallar “Web of Science” və “Scopus” elmi bazalarında indeksləşir. Məqalələr “Springer” nəşriyyatında çap olunacaq.