"Məktəblinin dostu" layihəsinin bir qrup əməkdaşının mükafatlandırılması mərasimi keçirilib. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə çıxış edən elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib ki, Elm və Təhsil Nazirliyinin "Məktəblinin dostu" layihəsi 2016-cı ildən 30 ümumi təhsil müəssisəsində fəaliyyətə başlayıb. Belə ki, layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir.
 
Rüstəm Ağayev əlavə edib ki, Bakı şəhəri üzrə cəmi 30 məktəbdə tətbiqinə başlanılan layihə hazırda Bakı şəhərində 191, Abşeron rayonunda 12, Sumqayıt şəhərində 23, Gəncə şəhərində  6, Lənkəran şəhərində 2, Cəlilabad şəhərində 2 və Masallı  şəhərində 2 olmaqla ümumilikdə 238 ümumtəhsil  müəssisəsində fəaliyyət göstərməkdədir.
 
O, layihənin əhatə dairəsinin genişləndirilməsində, bu illər ərzində əhəmiyyətinin daha da artırılmasında əməyi olan əməkdaşlara təşəkkürünü bildirib. 
 
Çıxışdan sonra məktəblinin dostlarının fəaliyyətini əks etdirən "Övladına dost ol" adlı sosial videoçarx nümayiş etdirilib. 
 
Sonda layihə çərçivəsində səmərəli fəaliyyətinə görə bir qrup əməkdaşa mükafatlar tədqim olunub və xatirə şəkli çəkdirilib.