Haqqında söz açmaq istədiyimiz istedad Laçın şəhər 2 nömrəli tam orta məktəbin VI sinif şagirdi Lalə Əsədlidir. O, bu vaxta qədər Bakıdakı 58 nömrəli tam orta məktəbdə təhsil alıb, “Böyük Qayıdış”ın ilk məktəblərindən olan Laçın şəhərinə qayıtdıqdan sonra qısa müddətdə yeni mühitə uyğunlaşıb.
 
Rəqs edir, peşəkar şəkildə taekvondo ilə məşğul olur
 
Lalə rəqsi sevir, hətta məktəblərində rəqs qrupunun yaradılmasına da töhfə verib. Bildiyi milli və xarici rəqslərimizi sinif yoldaşlarına da həvəslə öyrədir. Lalənin sinif rəhbəri Elmira Xıdırova sevimli şagirdi haqqında deyir: "Belə istedadlı şagirdimiz olduğu üçün fəxr edirik. Lalə dərslərinə məsuliyyətlə yanaşdığı kimi məktəbin ictimai-sosial işlərində də fəallıq göstərir". 
 
Lalənin digər bir bacarığı da taekvondo sahəsindədir. O, qatıldığı bir çox yarışlarda medallar qazanıb, hətta 2019-cu ildə Bakı şəhərində təşkil edilmiş klublararası taekvondo yarışında I yeri tutub. Taekvondo üzrə qara kəmər sahib olan şagirdin hədəfi isə gələcəkdə həkim olub, insanlara yardım etməkdir.
 
Sifai SƏFƏROVA