2026-cı ilə qədər məktəbəqədər təhsilin əhatə dairəsinin yarıbayarı artırılacağı planlaşdırılıb. Bu məqsədlə 2024-cü ildən pilot olaraq “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant proqramı çərçivəsində məktəbəqədər qruplar təşkil edilir. Layihə ölkənin bir sıra regionlarında reallaşdırılır. Maraqlıdır, ilkin rəy necədir? Layihənin davamı olacaqmı?
 
“Azərbaycan müəllimi”nin suallarını Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova cavablandırıb.
 
- Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili prosesi necə gedir?
- İndiyədək məktəbəqədər təhsil körpələr evi - uşaq bağçaları, hazırlıq qrupları və icma əsaslı məktəbəqədər qruplar vasitəsilə həyata keçirilib. 2023-cü ildən alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili məqsədilə qrant elan edilib. Qazanan 16 layihə müxtəlif regionlarda - Bakı, Lənkəran, Şəki, Şirvan, Naxçıvan, Füzuli, Zaqatala, Masallı, Astara, Göygöldə icra olunur. Ümumilikdə qrant proqramına 500-dən çox uşaq cəlb edilib. Qeyd edim ki, qrant proqramı çərçivəsində təhsilə cəlb edilən uşaqlar hər hansı məktəbəqədər təhsil müəssisəsində yerləşdirilməyənlərdir.
 
- Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant proqramı çərçivəsində təşkil edilən modellərdən ölkəmizdə ilk təcrübə olan da var?
- Bəli, hazırda 4 modeli tətbiq edirik. İlk dəfə dekabr ayında Elm və Təhsil Nazirliyinin elan etdiyi müsabiqə əsasında alternativ məktəbəqədər təhsil modellərinin tətbiqini nəzərdə tutan 16 layihə uğur qazandı. Layihələrin arasında icma əsaslı, erkən öyrənmə qutusu, bağçaların nəzdində qısamüddətli təlim qrupları, özəl-dövlət tərəfdaşlığına əsaslanan qruplar var. Məsələn, Zaqatala və Şirvanda dövlət bağçasının boş otağında yarım günlük təlim qruplarımız fəaliyyət göstərir. Bakıda alternativ 4 məktəbəqədər təhsil qrupu yaradılıb. Onlardan 3-ü icma əsaslı, 1-i dövlət-özəl əməkdaşlığına əsaslanır. Bu layihələrin məktəbəqədər təhsilin əhatəliliyinin artmağına dəstək olacağını düşünürük. Əks halda, sadəcə ənənəvi modellə nəzərdə tutulan 50 faiz artırma nail olmaq çətindir.
 
- Maraqlıdır, bu modellərə maraq ənənəvi bağçadan daha çoxdur. Üstünlüyü nədən ibarətdir?
- Ənənəvi bağçalara çox halda qayğı mərkəzi kimi baxılır. Burada uşağın yeməyinə, yatmağına diqqət edilir. Qısamüddətli proqramlarda bunlar da var, ancaq daha çox öyrənmə məsələsinə diqqət edilir. 
 
- Bu, bütün qısamüddətli modellərdə belədir?
- Bəli, bütün modellərdə - həm dövlət-özəl əməkdaşlığı əsasında yaratdıqlarımızda, həm erkən öyrənmə qutusu layihəsində, həm də digərlərində. Bu modellərin tətbiqi bizi hədəflərimizə yaxınlaşdırır. Tutaq ki, dövlət-özəl əməkdaşlığı çərçivəsində həyata keçirdiyimiz layihələrdən birinə baxaq: Özəl sektor pullu xidmət göstərdiyindən uşağı orda yerləşdirməyə hər kəsin imkanı çatmır. Dövlət özəl müəssisənin xərclərinin bir qismini öz üzərinə götürərək, valideynlərin ödəyəcəyi məbləği azaldır. Çünki müəllimlərin maaşı ödəndikdən sonra xidmət haqqı aşağı düşür və dolayısı ilə valideynlərin yükü xəfifləyir, müəyyən qədər əlçatanlıq təmin edilir. Məqsədlərimizdən birinə nail olduq. Qeyd edim ki, dediyim həmin özəl müəssisə hər hansı məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi və s. ola bilər. Hazırda davam edən orta təhsil müəssisəsi ilə Bilik və İncəsənət Mərkəzi arasında reallaşdırılan layihə də məhz bu əsaslarla reallaşdırılır. Mərkəz yer, resurs - dəftərxana ləvazimatlarını, bütün öyrədici oyuncaqları, mebel, idman ləvazimatlarını, təlim proqramlarını və s. təmin edir. Layihəmizdə kifayət qədər resurslara və məktəbəqədər təhsil sahəsində maraqlı, faydalı təcrübəyə malik müəssisələrlə əməkdaşlıq qurulub. Burada uşaqlar üçün müsbət öyrənmə mühiti, təcrübəli müəllim kontingenti, uşaq üçün lazım olan yaradıcı mühit onsuz da var. Əlavə olaraq, bu əməkdaşlıq nəticəsində STEAM-la bağlı təlimlərin keçirilməsini, avadanlıqların alınmasını dövlət öz üzərinə götürüb, məsələn, 3D qələmini alıb. Sözsüz ki, alınan həmin avadanlıqlar layihə tamamlananda məktəbə təhvil veriləcək.
 
- Bəs, 2-5 yaşlı uşağın nə öyrənməyindən söhbət gedir?
- Burada qeyri-formal, yəni daha çox oyun, musiqi əsasında öyrənmədən söhbət gedir. Məsələn, məktəbəqədər təhsil proqramı ilə yanaşı, layihə çərçivəsində STEAM bilikləri də inteqrasiya edilir. Nəzərinizə çatdırım ki, sözügedən müəssisələrdə tərbiyəçi müəllimlər STEAM təlimində iştirak ediblər və uşaqlara Tinyrobots, 3D qələmlə işləməyi öyrədirlər. Beləliklə, STEAM-ın başqa resurslarla təcrübələr əsasında yuxarı siniflərdə öyrənəcəyi məsələlərlə uşaqlıqdan tanış olurlar. Haşiyəyə çıxaraq demək istəyirəm ki, istər Robototexnika, istərsə də STEAM-ın uşaqların koqnitiv, sosial-emosional, kiçik motor bacarıqlarında yüksək rol oynadığı təcrübə ilə sübut olunub. Bunu biz də uşaqların gələcək inkişafında görəcəyik. 
 
- Ayrı-ayrı modullar necə eyni faydalı nəticəni verə bilir?
- Uşaqların fantaziyasını, nitqini inkişaf etdirmək məhz onlara yaradılan mühitdən, onlarla münasibət qurmaqdan, söhbət etməkdən çox asılıdır. Ölkəmizdə valideynlər uşaqlarla söhbət etmir, daha çox məişət səviyyəsində və qısa əmr cümlələri olur: “Gəl”, “otur”, “ye” və s. Uşaqlara açıq tipli sual vermək, cavabını almaq lazımdır. Eyni zamanda uşağın verdiyi sual düzgün cavablandırılmalıdır. Əgər cavabını bilmirsə, düzgün olmayan məlumat əvəzinə demək olar ki, cavabı öyrənib deyəcək. Başqa bir məsələ, valideyn uşağına nağıl oxumalı, oxuyarkən də uşağa özünü başqa mühitdə hiss etdirməlidir. Məsələn, oxuduğu nağılı yarıda kəsib ondan nağıl qəhrəmanının yerində olsa, nə edəcəyini soruşa bilər. Ya da baş verən və uşağın da şahidi olduğu hər hansı hadisədə iştirakçılardan birinin yerində olarsa, nə edəcəyini soruşa bilər.
 
- Valideynlərdə bu problemi aradan qaldırmaq istiqamətində nəsə etmək olmazmı?
- Şəki və Balakəndə “Erkən öyrənmə qutusu” yaradılıb. Bu layihə məhz valideynlərə yönəlib. Həftədə bir dəfə mentor valideynlərə uşaqlarla davranışla bağlı təlimat verir. Həmin layihəyə cəlb etdiyimiz 40 valideynə hər gün üçün təlimat, resurslar, proqram verilir. Bu yolla ən azı 40 valideyn uşaqlarla necə davranmaq lazım olduğunu öyrənir.
 
- Hər halda valideynlər öz çatışmazlıqlarını, qısamüddətli proqramların da onların məhz bu çatışmazlıqlarının uşaqdakı təsirini azaltmağa xidmət etdiyini anlayıblar ki, layihəyə maraq bu qədər böyükdür? 
- Bu bir həqiqətdir ki, valideyn məktəbəqədər təhsilə nə qədər çox önəm verəcəksə, nə qədər çox sərmayə qoyacaqsa, təhsilin sonrakı səviyyələrində daha az qüvvə, daha az vəsait sərf edəcək. Müraciətlərdən də görünür ki, insanlar bunun fərqindədirlər və bu layihə arzuolunandır. Ağızdan-ağıza yayılaraq layihəyə cəlb olunanların sayı qısa müddətdə artdı. Bu da onu deməyə əsas verir ki, bağçaların tələbatı ödəmədiyi ərazilər düzgün müəyyənləşdirilib.
 
- Pilot olaraq həyata keçirməkdə məqsəd elə bu deyildimi?
- Bəli, biz də bunu müəyyənləşdirməyə çalışır, belə bir layihənin uğur qazanıb-qazanmayacağını bilmək istəyirdik. 
 
- Tələbat olduğu barədə fikir qətiləşdiyinə görə layihənin taleyi barədə müəyyən fikrə sahibsiniz, elə deyilmi?
- Layihə 6 ay nəzərdə tutulub. Yəni, martın 1-dən həyata keçirilən və hələ avqust ayında başa çatacaq layihə barədə bəri başdan danışmaq tez olar. Ancaq müəyyən qərarlar da var. Məsələn, sentyabr ayından dövlət-özəl əməkdaşlıq layihələrini genişləndirməyi düşünürük.
 
- İncəsənət və Bilik Mərkəzi ilə orta ümumtəhsil məktəbinin əməkdaşlıq nümunəsindən danışdınız. Ölkəmizdə ilk təcrübə sayılan bu modelin uğur qazanıb-qazanmayacağını müəyəynləşdirmək məqsədi daşıyan bu layihənin davamı olacaqmı?
- Dünya təcrübəsindən nümunələr bunun mümkün olduğunu göstərsə də, Azərbaycan üçün fərqlidir. Dünya təcrübəsində erkən uşaq mərkəzlərində təlimlərə cəlb edilən uşaqlar belə məktəbəqədər təhsilə cəlb edilmiş hesab olunurlar. Bizdə bu, bir az fərqlidir. Azərbaycanda yalnız bağcalar məktəbəqədər təhsil müəssisələri sayılır. Odur ki, bu layihə bir az fərqli istiqamətdə genişləndiriləcək. Məktəbəqədər təhsil müəssisələrinin özəl bağçalarla əməkdaşlıqları şəklində davam etdiriləcək. Amma gələcəkdə uşaq mərkəzləri də təhsil mərkəzi kimi qəbul edilsə, onda həmin mərkəzlərə gələn uşaqlar da məktəbəqədər təhsil müəssisəsinə cəlb olunmuş kimi hesab edilə bilər. 
 
- Neçə müəssisə nəzərdə tutulur?
- Bu məqsəd daha çox bağça sayına yox, nə qədər uşağı əhatə edəcəyinə fokuslanıb. Düşünürük ki, əlavə olaraq təxminən 1200-1500 uşağı bu əməkdaşlıq sayəsində məktəbəqədər təhsilə cəlb etmək mümkün olacaq.
 
Ruhiyyə DAŞSALAHLI