Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin Kartal Şehit Salih Alışkan Meslek Lisesi ilə imzaladığı "Beynəlxalq qardaş məktəb" Protokolu çərçivəsində mərkəzin rəhbər-pedaqoji heyətinin və aşpaz ixtisası üzrə təhsil alan tələbələrinin Türkiyə Respublikasına səfəri təşkil olunub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, səfərin təşkil olunmasında məqsəd iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq perspektivlərinin genişləndirilməsi, təhsilalanlar və pedaqoji heyət üçün təcrübə mübadilələrinin təşkili, həmçinin tədris prosesinin səmərəliliyinin artırılmasıdır. Səfərin məqsədinə uyğun olaraq tələbələrin daha uğurlu və effektiv təhsil almaları, onların işində pəşəkar, yüksək səviyyəli məzunlar kimi yetişdirilməsi istiqamətində mühüm addımlar atılıb. Tələbələrə, həmçinin türk dünyasının zəngin tarixi, mədəni irsi, adət-ənənələri və milli-mənəvi dəyərləri haqqında məlumat verilib.
 
Tələbələr və müəllimlərin müəssisələrə təşkil olunan infoturu çərçivəsində burada yerləşən müxtəlif emalatxanalar, tədrisin təşkili və müəllim heyəti ilə tanışlıq baş tutub, tələbələr üçün təlim və seminarlar keçirilib.
 
Qeyd edək ki, 19 fevral 2021-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” imzalanıb. Sözügedən sənəd iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini özündə ehtiva edir.