Kimya üzrə Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-nin Şimali Karolina Universitetinin professoru Əziz Sancar mətbuat konfransı keçirib.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, konfrans çərçivəsində o, ölkəmizə səfər təəssüratlarını bölüşüb, media nümayəndələrinin suallarını cavablandırıb.
 
Məşhur alim Azərbaycana budəfəki səfərində ölkəmizin bir sıra elm və təhsil müssisələrində olub, alim, tələbə və şagirdlərimizlə görüşüb, öz tövsiyələrini verib. Həmçinin Nobel laureatı fəxri üzvü seçildiyi Azərbaycan Milli Elmlər Akademiyasının iclasında da iştirak edib: “Mən ilk dəfə Bakıda Elmlər Akademiyasının iclasına  qatıldım. Nə Türkiyə, nə də Amerika Elmlər akademiyalarının toplantılarına qatılmamışam. Bu baxımdan AMEA iclasında iştirak etmək mənim üçün ilk təcrübə oldu. Mənə böyük dəyər verdiniz, sayğı göstərdiniz. Buna görə sizə minnətdaram”.  
 
Artıq torpaq dərdimiz qalmayıb
 
Əziz Sancar torpaqlarımızın işğaldan azad edilməsi və orada aparılan işlərə də münasibət bildirib: “Azərbaycana ilk dəfə gələndə Qarabağ işğal altında idi, bütün söhbətlərimizdə hər kəsin düşüncəsinə hakim idi. İkinci gəlişimdə Qarabağ işğaldan azad olunmuşdu, amma Xankəndi hələ düşmənin əlində idi. Hazırda bu problemlərin hamısı öz həllini tapıb. Təmasda olduğum insanlarla söhbətlərdən sonra onlarda bir rahatlıq, ümid, sevinc hiss etdim. İnsanlar gələcəyə ümidlə baxırlar. Artıq torpaq dərdimiz qalmayıb. Mən burada özümü evimdəki kimi hiss edirəm və buna görə də deyirəm ki, ölkəmiz azaddır. Bundan sonra həyatımıza normal şəkildə davam edəcəyik. İnsanları daha əmin gördüm və bundan çox məmnun oldum”.
 
Naxçıvanı gerçəkdən çox sevdim
 
Naxçıvana səfər Nobel laureatı üçün xüsusilə yaddaqalan olub: “Naxçıvana getmək mənim üçün çox önəmli, duyğusal bir hadisə idi. Oraya hər zaman getmək istəmişəm. Mənə qarşı çox diqqət göstərdilər. Oranı çox bəyəndim, havası buranın havasından daha gözəldir. Naxçıvanı gerçəkdən çox sevdim, fövqəladə diqqət gördüm və çox məmnun qaldım”. 
 
“Türk dünyası deyirik, amma elm sahəsində türk dünyası adına hələ ki, ciddi bir iş görməmişik”
 
Əziz Sancar “Azərbaycan müəllimi” qəzetinin “Türk dünyasının elmi potensialı” barədə sualını da cavablandırıb. O, bu barədə danışarkən Çin və Türk dünyasını müqayisə edib: “1970-ci ildə Çin və Türk dünyası elmdə təxminən eyni səviyyədə idi. İndi Çin ABŞ-ni keçib, dünyada birinci sıradadır. Bizim ölçümüz Çin olmalıdır. Türk dünyası deyirik, amma elm sahəsində türk dünyası adına hələ ki, ciddi bir iş görməmişik. Hesab edirəm ki, türk dünyası adına elm sahəsində ciddi işlər görməliyik. Hazırda qırğız başqa, özbək, qazax fərqli iş aparır. Yalnız Azərbaycan və Türkiyə olduqca sıx inteqrə olunmuş durumdadır. İnşallah, bu elmi əlaqələr daha da inkişaf edəcək. Amma bir çox məsələlərdə hər kəs Türk dünyası deyir, amma ortaq çalışmalara, ortaq elmi layihələrə gəlincə, mən bunu nə Özbəkistanda, nə Qırğızıstanda gördüm. Azərbaycanla Türkiyə arasında bu işlər görülür, fəqət Azərbaycanla Türkiyə arasında ortaq çalışmalar Çin səviyyəsində deyil. Bu baxımdan buna daha artıq diqqət yetirməliyik. Diqqət edin, Rusiya güclü idi, ancaq 2 ildir ki, müharibə gedir. Nələr baş verəcəyi bəlli deyil. Nə qazanacağı, nə itirəcəyi fərq etməz. Amma Rusiya hazırda elmdə Türkiyədən daha geridədir. Azərbaycandakı elmin səviyyəsi haqqında tam məlumatlı deyiləm, amma Türkiyə elmi barədə təxmini bildiklərim var. Türkiyədə mənim sahəmdə, yəni molekulyar biologiya və genetik elmlər sahəsində aparılan  tədqiqatlar Rusiyadan daha irəlidədir. İnşallah, Türkiyə -Azərbaycan çalışmaları inkişaf edəcək, istər Türk dünyasında, istərsə də daha böyük bir coğrafiyada qüvvətli olacağıq. Təəssüflər ki, bütün türk dövlətləri ilə bunu inkişaf etdirmək çətindir, bu, zaman alacaq, çünki onlarda fərqli problemlər var və bunları bilirik”.
 
Oruc MUSTAFAYEV