Ali təhsil sahəsində beynəlxalq analitik agentlik "QS Quacquarelli Symonds" dünyanın ən yaxşı universitetlərinin reytinqini (QS World University Rankings 2025) açıqlayıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycanın 3 universiteti sözügedən qlobal reytinqdə təmsil olunub və hər 3 universitetin mövqeyində ötən ilə nisbətən irəliləyiş müşahidə olunub.
 
Ölkə üzrə ən yüksək nəticə əldə etmiş Bakı Dövlət Universiteti dünyanın ən yaxşı 951-1000 universitetlərinin siyahısına daxil olub. Son 5 ildə ilk dəfə Azərbaycan universitetləri arasında Bakı Dövlət Universiteti müvafiq reytinqdə TOP 1000-də yenidən təmsil olunur.
 
1001-1200 diapazonunda reytinqə daxil olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin də mövqeyi ötən ilin nəticələrinə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşıb və 1201-1400 diapazonundan 1001-1200 diapazonuna yüksəlib.
 
Azərbaycan Dövlət İqtisad Universiteti də reytinqə 1001-1200 diapazonu üzrə daxil olub.
 
QS dünya universitetlərinin reytinqində nəzərə alınan 9 indikatordan 4-ü üzrə Bakı Dövlət Universiteti (“Müəllim-tələbə nisbəti”, “Akademik heyət üzrə istinad sayı”, “Beynəlxalq tədqiqat indeksi” və “Məşğulluq nəticələri”), 4-ü üzrə Azərbaycan Dövlət İqtisad Universiteti (“Akademik nüfuz”, “İşəgötürənlər arasında nüfuz”, “Əcnəbi tələbə payı” və “Davamlılıq”) və 1-i üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (“Əcnəbi müəllim payı”) ölkədə birinci sıradadır.
 
“Məşğulluq nəticələri” indikatoru üzrə hər 3 universitet TOP 500-də təmsil olunur, Bakı Dövlət Universiteti isə müvafiq indikator üzrə dünyada 271-ci yerdədir.
 
Qeyd edək ki, QS 2025 dünya universitetlərinin reytinqində Cənubi Qafqaz regionu üzrə Azərbaycan ən çox sayda universitet ilə təmsil olunur.
 
Sıralamada ən çox universitetlə təmsil olunan ölkələrə ABŞ liderlik edir – 197 universitetlə. Daha sonra 90 universitetlə Böyük Britaniya, 71 ali təhsil müəssisəsi ilə Çin gəlir. Reytinqə ardıcıl 13-cü ildir ki, Massaçusets Texnologiya İnstitutu (MIT) başçılıq edir. London İmperial Kolleci dörd pillə irəliləyərək ikinci, Oksford və Harvard Universiteti isə müvafiq olaraq üçüncü və dördüncü yerdədir. İlk beşliyi Kembric Universiteti tamamlayır. 
 
Oruc MUSTAFAYEV