Azərbaycan dili (dövlət dili kimi) imtahanında (ikinci cəhd) iştirak etmək üçün qeydiyyat elan olunub.
 
Bu barədə DİM-dən "Azərbaycan müəllimi"nə məlumat verilib. Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə (11 illik təhsil bazasında) qəbul olmaq istəyən, lakin mayın 12-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər iyunun 5-dən 10 iyun saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına yazıla bilərlər.
 
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin Azərbaycan dili imtahanına qeydiyyatı sabah – 6 iyunda aktiv ediləcək.
 
Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.
 
Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan iyunun 30-da keçiriləcək.
 
Xatırladaq ki, 2024-cü il mayın 12-də keçirilən Azərbaycan dili imtahanında iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan 9-cu və 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 12-də keçirilən imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq. Yekun attestasiyası aparılmayan şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.