Azərbaycan məktəbliləri Rumıniyanın paytaxtı Buxarestdə mayın 31-dən iyunun 4-dək təşkil olunmuş “Infomatrix” beynəlxalq robototexnika, mühəndislik və layihə olimpiadasında uğurla çıxış ediblər.
 
Bu barədə "Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir. Belə ki, 17 ölkədən 170-ə yaxın komandanın iştirak etdiyi olimpiadada məktəblilərimiz 6 komanda ilə mübarizə aparıblar. Finalda iştirak edən komandalarımız qızıl və gümüş medallar qazanıblar.
 
Bütün komandalar mühəndislik və robototexnika kateqoriyası üzrə finallarda iştirak ediblər. Həmçinin “Infomatrix” yarışmasının ölkəmizdən olan iştirakçılarını Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov qəbul edib. Səfir qalibləri təbrik edib, istedadlı, vətənpərvər və bilikli məktəblilərimizin hər yerdə olduğu kimi, Rumıniyada da Azərbaycan Bayrağını yüksəklərə qaldırdıqları üçün onlara təşəkkürünü bildirib.