Bakı Dövlət Universitetində (BDU) Qarabağ Universitetinin SABAH qruplarına qəbulla əlaqədar infosessiya keçirilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib. 
 
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Qarabağ Universitetinin tələbəsi və məzunu olmağın müqəddəs missiya olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, böyük Zəfərdən sonra gündən-günə çiçəklənən, yenidən qurulan Qarabağda yaradılan ilk ali təhsil ocağına dayaq, dəstək olmaq hər bir ali təhsil ocağının borcudur: “Bu gün BDU üçün qürurlu gündür. Bakı Dövlət Universiteti "QS Quacquarelli Symonds" dünyanın ən yaxşı universitetlərinin reytinqində top-1000-də yer alıb. Arzu edirik ki, Qarabağ Universiteti və digər universitetlərimiz də bu siyahıda yer alsın. Əməkdaşlığı unutmamaq şərti ilə sağlam rəqabət aparaq”.
 
Qarabağ Universitetinin rektoru Şahin Bayramov görüşün təşkilinə görə BDU rektoruna təşəkkür edib. O bildirib ki, Qarabağ Universitetində təhsil almaq, onu təmsil etmək hər bir azərbaycanlı üçün qürurdur. Şahin Bayramov Qarabağ Universitetinin quruculuğunda BDU-nun təcrübəsindən faydalanmaq niyyətində olduqlarını bildirib. O, SABAH qruplarının Elm və Təhsil Nazirliyinin ən uğurlu layihələrindən biri, Azərbaycan ali təhsili üçün dəyər olduğunu qeyd edib, Qarabağ Universitetinin SABAH qruplarında yaradılacaq imkanlar barədə məlumat verib.
 
Daha sonra SABAH qruplarının İcra Komitəsinin rəhbəri Elza Səmədova bu qruplara tələbə seçimi, qəbul qaydaları ilə bağlı təqdimat edib.
 
Qarabağ Universitetinin Pedaqoji fakültəsinin dekanı Kəklik Gözəlova, İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə, Sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev Universitetin SABAH qruplarının üstünlükləri ilə bağlı tələbələri məlumatlandırıb, onların suallarını cavablandırıblar.