Göyərçinlər göyə qalxsın,
Hamını sülhə çağırsın.
 
“Bağça uşaqları” dediyimiz uşaqların mesajıdı bu. Dünyaya səsləndilər Beynəlxalq Muğam Mərkəzinin səhnəsindən. 
 
Dünən onlar səhnədəydi. Təsəvvür edirsiniz? “Müstəqillik”, “repertuar” kimi sözləri tələffüz edə bilmirdilər, amma repertuarlarına müstəqillikdən şeir salıb, səhnədə tozu dumana qatdılar. Hamını başlarına toplayıb elə bir konsert verdilər ki, gəl, görəsən. 
 
Söhbət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinin iştirakı ilə Bakı Muğam Mərkəzində təşkil edilən konsert proqramından gedir.
 
Milli bayramlarımızdan atributlar, təbiətdən çiçəklər, öz dünyalarından rənglər götürüb çıxdılar səhnəyə. “1 iyun Beynəlxalq UşaqlarIın Müdafiəsi Günüdür” deyə səsləndilər cahana. Bağçaya gəlməyə başlayandan bəri öyrəndikləri mahnıları, şeirləri, rəqsləri bağça divarlarını aşıb səhnədə parladı bu dəfə. Şerə, sazlı-sözlü kompozisiyalara maraqlı jestlər əlavə edib, təsirli mimikalar, səs, ahəng verib böyük kompozisiyalar yaratdılar. Himn oxudular, şəhid yad etdilər bağça uşaqları. Cəngi səsləndirib, “Vətən nəğməsi” oxudular. Hələ rəsmlərini demirəm. Əl işlərini Muğam Mərkəzində sərgilədilər. Balaca barmaqları ilə ağ kağıza boyadıqları rənglər də ayrı danışdı bağça uşaqlarının.
 
Səhnədə yaşlarını da, boylarını da unutdurdular. “Vətənpərvərlik”, “Uşaqlar və təbiət”, “Sülhün uşaqları”, “Uşaqların arzuları”, “Azərbaycan, yurdum, yuvam məskənimsən!” mövzularında elə şeirlər söylədilər, ailələrinə, cəmiyyətə, bütün dünyaya elə mesajlar verdilər, elə çağırışlar etdilər, elə performans göstərdilər ki, adamın onların, həqiqətən, bağça uşaqları olduğuna inanmağı gəlmədi.
 
Onlar səhnədəykən tamaşalarına duran çox oldu. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Elm və Təhsil Nazirliyinin şöbə müdirləri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, MÜTDA-nın direktor müavinləri Mehriban Vəliyeva və Orxan Abbasov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Könül Pirverdiyeva, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, məktəb direktorları, müəllimlər, uşaqlar, valideynlər, KİV nümayəndələri də onları izləynlər arasında idilər… Hər kəs heyran-heyran izlədi fidanları.
 
Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova da heyranlığını gizlətmədi. Uşaqlardan söz alıb dedi ki, qayğıya, sevgiyə ehtiyacı olan bu uşaqlar nümayiş etdirdikləri bu proqramla nə qədər yaradıcı, istedadlı olduqlarını göstərdilər: “Bu uşaqlarla gələcəyimiz daha parlaq olacaq!”
 
Konsert bitdi, amma onların buraxdığı təəssürat davam edir. Artıq biz də əminik, daha güclü gələcək gəlir.
Çəkilin, yol verək onlara, boyundan böyük işlər görən nəsil yetişir.
 
Ruhiyyə DAŞSALAHLI