Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, uşağını təkbaşına böyüdən kişilər, ilk dəfə işə qəbul olunanlar (3 il müddətində), azı 3 dəfə sertifikatlaşdırmadan keçən müəllimlər sertifikatlaşdırılma prosesindən azaddırlar.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı media nümayəndələri üçün keçirilən məlumatlandırıcı sessiyada deyib. O bildirib ki, 2022-ci ildə sertifikatlaşdırma prosesində uğur qazana bilməyən 2380 müəllim ötən il təlimlərə cəlb olunub və onların 80 faizi təkrar sertifikatlaşdırmada uğur qazanıblar: “2023-cü ildə təşkil edilmiş sertifikatlaşdırma prosesində uğur qazana bilməyən 493 nəfər Azərbaycan dili və ədəbiyyat, 5495 nəfər ibtidai sinif müəllimi bu il təlimlərə cəlb olunub.
 
Eyni zamanda, bu il ilk dəfə Naxçıvanda baş tutacaq sertifikatlaşdırmada 367 müəllim iştirak edəcək”.