Bu imkandan yararlanan kimlərdir?
 
Məlum olduğu kimi, “Təhsil haqqında” Qanuna dəyişiklik edilib. Dəyişiklikdən sonra təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilib.
 
 
Onlar minnətdardırlar
 
Qeyd edək ki, hazırda 7 status üzrə 21230 nəfər bu imkandan istifadə edir. Ödənişli təhsil alan həmin tələbələrin təhsil xərclərini Elm və Təhsil Nazirliyi dövlət büdcəsinin vəsaiti hesabına qarşılayır.
 
Onlardan biridir 2002-ci ildə Lerikdə doğulan Kamran Əlirzayev. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin III kurs tələbəsidir. Doğulan vaxtdan gözündə yaranan problem üzündən o da imtiyazlı kateqoriyadadır. “Əslində səbəbini heç kim bilmir. Əməliyyatla sağalma ehtimalım var, amma mən qorxuram. Bir gün imkan olarsa, xaricdə əməliyyat olunmağı düşünürəm”.
 
 
 
Əlilliyi təsdiqlənib və o, təhsil haqqından azad edilib. Artıq 3 ildir ki, iqtisadiyyat və menecment fakültəsində “Marketinq” ixtisası üzrə dövlət vəsaiti hesabına təhsil alır: “Bir tələbə üçün bu dəstək çox şey ifadə edir. Mənim üçün 2200 manat çox böyük puldur, bu, ailəmin mənə görə sıxıntıya düşməməsi deməkdir, həmin vəsaiti müalicəmə xərcləmək, bunları edərkən heç nə düşünmədən oxuya bilməkdir”.
 
 
 
 
Niyaməddin Əliyev müharibə veteranıdır. Bu kateqoriyadan olmağı imkan verib ki, o da dövlət vəsaiti hesabına oxusun.
 
 
Hazırda “Radio avadanlıqları quraşdırıcısı” ixtisası üzrə peşə təhsili alır. 17 nömrəli Bakı Peşə Məktəbinin tələbəsidir: “Hərbi xidmətdə də bu işlə məşğul olmuşdum. İxtisasıma dair hər şeyi bilirdim, dövlətin dəstəyi ilə də təhsil aldım. Bu dəstəyi qiymətləndirirəm və əhəmiyyətini bilirəm. Ümid edirəm ki, sosial statusu olan belə ailələrin övladları bu imkandan yararlanacaqlar”.
 
 
 
 
 
İbrahim Qurbanlının isə atası I qrup əlildir. Ailəsinin yeganə övladı olan İbrahim “Neft və qaz yataqlarında geoloji və geofiziki işlər” ixtisası üzrə ADNSU nəzdində Bakı Neft-Energetika Kollecində təhsil alır. Evin yeganə gəlir gətirəni I qrup əlil atasıdır. İbrahimin sözlərinə görə, dövlətin güzəşti olmasaydı, o, oxuya bilməyəcəkdi.
 
 
İbrahimin atası Elşən Qurbanov Prezidentin müvafiq sərəncamı ilə qanunda edilən dəyişikliyi həyəcanla qarşılayıb: “İbrahim hazırda ödənişli qrupda təhsil alır və bu vəsaiti mən qazi olduğum üçün dövlət ödəyir. Bu, çox böyük dəstəkdir. Amma eyni dəstəyi dövlətdən oğlumun universitetdə oxuması üçün də almaq istəyirəm”.
 
 
Qarabağ qazisi oğlu İbrahimin təhsilini davam etdirməsi arzusundadır: “İbrahim kollecdə təhsilini tamamlayıb universitetdə də oxusun, istəyirəm. Bu dəfə də ödənişli təhsil ala bilər. Universitetdə də İbrahim üçün belə bir imkanın olacağını bilmək çox gözəl hissdir. Bu, çox böyük dəstəkdir”.
 
 
 
İbrahim Əlizadə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alır: “Prezidentimizin təşəbbüsü ilə təhsil haqqından azad olunanlardan biriyəm. 44 günlük Vətən müharibəsi iştirakçısı kimi ölkə başçımıza minnətdarlığımı bildirirəm. Onun bu qərarı təhsil almağımda mənə böyük dəstək, hətta həyatdakı yükümü də müəyyən mənada çiyinlərimdən götürüb”.
 
 
 
Bundan sonra başqaları da yararlana biləcək
 
 
 
Beləliklə, təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi ilə əlaqədar mövcud normativ-hüquqi aktların təkmilləşdirilməsi məqsədilə “Təhsil haqqında” Qanunda dəyişiklik edilib.
 
 
Yeni dəyişikliyə əsasən, qüvvədə olan və sosial qruplar üçün tətbiq edilən təhsil haqqı imtiyazlarının hər biri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə olunub. Nəticədə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilib.
 
 
Elm və Təhsil Nazirliyi Aparatının əməkdaşı Cabbar Hüseynli “Azərbaycan müəllimi”nə açıqlamasında deyib ki, müxtəlif hüquqi sənədlərdə olan münasibətlər təkmilləşdirilərək, qanunvericilikdə öz əksini tapıb: “Hazırda müvafiq sosial qruplar üçün tətbiq edilən güzəştlərin əhatə dairəsi genişlənib. Məsələn, Dövlət Peşə Təhsili Mərkəzlərinə hazırda tətbiq edilən 5 statusun sayı 6 olub”.
 
 
Bəs, həmin yeni güzəşt tətbiq olunacaq sosial qruplar hansılardır?
 
C.Hüseynli bildirib ki, özəl peşə təhsili müəssisələrində oxuyan şəxslərə də bu yuxarıdakı 6 status üzrə imtiyazlar şamil ediləcək. Nəhayət, müvafiq dövlət qurumundan şəhid ailə üzvü kimi vəsiqə alan şəxslər təhsil səviyyəsindən asılı olmayaraq, özəl təhsil müəssisəsində əyani ödənişli əsaslarla oxuyan gənclər də təhsil haqqı ödənişindən azad olunurlar.
 
Beləliklə, bundan sonra təhsil xərcindən azad olacaq sosial statusların genişlənmiş siyahısını təqdim edirik:
 
1. dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;
 
2. dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan şəhid ailəsinin üzvləri;
 
3. dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər;
 
4. dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər və peşə təhsili müəssisələrində təhsil alan əlilliyi olan şəxslər;
 
5. dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları;
 
6. dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları;
 
7. dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrində təhsil alan 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər;
 
8. dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrində təhsil alan köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqlar.”
 
 
Ruhiyyə DAŞSALAHLI