İyunun 7-də ADA Universitetinin Beynəlxalq əlaqələr şöbəsi, Universitetin Fondu və “Kolin İnşaat Şirkəti”nin dəstəyi, eləcə də “OCAQ” Teatr Cəmiyyəti, “Topçubaşov” adına beynəlxalq təqaüd proqramı və “ESN ADA Baku” tələbə klublarının birgə əməkdaşlığı çərçivəsində 12-ci beynəlxalq festival keçirilib.
 
"Azərbaycan müəllimi" Trend-ə istinadən xəbər verir ki, artıq ənənəyə çevrilmiş bu festivalda 39 ölkənin səfirləri, xarici dövlətlərin ölkəmizdə akkreditə edilmiş səfirliklərinin nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, habelə yerli və xarici tələbələr, jurnalistlər iştirak ediblər.
 
Bayram ab-havasında keçirilən Beynəlxalq festivalda Argentinadan Qazaxıstanadək fərqli ölkələrin mədəniyyətləri, kulinariyası və tarixi elə məhz həmin ölkələrin səlahiyyətli nümayəndələri tərəfindən tanıdılıb.
 
Tədbiri açıq elan edən ADA Universitetinin Dövlət, tələbə və xarici işlər üzrə prorektoru Fariz İsmayılzadə qeyd edib ki, artıq 12-ci dəfədir keçirilən festival Universitetin multikultural dəyərlərini və buradakı beynəlmiləl mühiti əks etdirir.
 
ADA Universitetinin Slovakiyadan olan tələbəsi Rita Sapaiova bu festivalın müxtəlif mədəniyyətlərlə tanışlıq və mədəniyyətlərarası dialoqda mühüm rol oynadığını qeyd edib.
 
Festivalın sonunda Azərbaycan da daxil olmaqla 15 ölkənin nümayəndələrinin iştirakı ilə konsert proqramı keçirilib. Müxtəlif müsabiqələr, eyni zamanda səfirlərlə TV müsahibələri təşkil olunub.
 
Qeyd edək ki, ADA Universitetinin kampusunda açıq havada keçirilən festivala 500-dən çox iştirakçı qatılıb.