Xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyaların tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na uyğun olaraq həyata keçirilir.
 
"Azərbaycan müəllimi" məlumat verir ki, qaydaların 5.9-cu bəndinə əsasən, xaricdə natamam ali təhsil alan şəxslər təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün ilkin olaraq kvalifikasiyalarının qismən tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etməlidir. Ərizəçinin kvalifikasiyası qismən tanındıqda, o, Azərbaycan Respublikasının ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət etmək hüququnu əldə edir.
 
Köçürülmə “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na əsasən həyata keçiriləcəkdir.
 
Qismən tanınma şəhadətnaməsi ilə əlaqədar olaraq xüsusilə qeyd etmək istərdik ki, bu sənəd sahibinə sadəcə Azərbaycan Respublikasınını ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət etmək hüququ verir və köçürülmə yay mövsümündə başlayacağı üçün prosesdə iştirak edəcək şəxslərə https://apply.enic.edu.az/ keçidi vasitəsilə elektron qaydada müraciət etmələri tövsiyə olunur.