“Azərbaycan dili və ədəbiyyat tədrisi” elmi-metodik jurnalı pedaqoji mətbuat tariximizdə əhəmiyyətli yer tutan nəşrlərdən biri olaraq artıq 70 ildir ki, pedaqoji ictimaiyyətin xidmətindədir. 

 

1950-ci illərin əvvəllərində respublikada elmi-pedaqoji fikrin geniş ifadəsi üçün yeni çap imkanları axtarılırdı. Həmin vaxtda elmi-pedaqoji prosesin keyfiyyətini yüksəltmək məqsədilə ayrı-ayrı fənlər üzrə yeni məcmuələrin yaranmasına ciddi ehtiyac duyulurdu. O dövrə kimi ana dilimizin və ədəbiyyatın tədrisi, bu sahədəki problemlərlə bağlı yazılar ancaq müvafiq kitab, qəzet və ədəbi-bədii jurnallarda çap olunduğundan, ayrıca jurnalın nəşrinə zərurət var idi. Ona görə də Azərbaycan SSR Maarif Nazirliyinin qərarı ilə “Azərbaycan məktəbi” jurnalına əlavə olaraq “Azərbaycan dili və ədəbiyyat tədrisi” çap olunmağa başladı. 

 

15 iyun 1954-cü ildə əsası qoyulan jurnal 36 il “Azərbaycan məktəbi”nin metodik əlavəsi olaraq nəşr olunub. Ötən əsrin 90-cı illərində (3 dekabr 1990-cı ildə) müstəqil redaksiya kimi “Ana sözü” adı ilə nəşrinə davam edib, daha sonra 2 aprel 1997-ci ildə jurnalın əvvəlki adına uyğun, “Azərbaycan dili və ədəbiyyatı tədrisi” olaraq və nəhayət, 2019-cu ilin payızından ilk adı olan “Azərbaycan dili və ədəbiyyat tədrisi” kimi yayımına davam edir.

 

Elm və Təhsil Nazirliyinin elmi-metodik nəşri olan bu jurnal ölkənin bütün təhsil müəssisələrində Azərbaycan dili və ədəbiyyatın tədrisi, təbliği və tətbiqi məsələlərini araşdırmaqla bərabər onların həlli yollarını da müəyyən edir. Jurnal, həmçinin Konstitusiyanın tələblərinə uyğun olaraq dilimizin saflığı və işləkliyinin qorunmasına xidmət edir, Təhsil Qanununa müvafiq şəkildə Azərbaycan dili və ədəbiyyat sahəsində təhsil islahatlarının istiqamətlərini işıqlandırır.

 

Jurnalda Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə dair müasir metodikanı, qabaqcıl müəllimlərin iş təcrübələrini ümumiləşdirilmiş formada əks etdirən yazılara, həmçinin Azərbaycan dili və ədəbiyyatın elmi-nəzəri məsələlərini müasir baxımdan şərh edən məqalələrə yer verilir. Bununla yanaşı, jurnal müəllimlərin maraq dairəsini nəzərə alaraq onlar üçün faydalı elmi-metodik yazılar və dünya ədəbiyyatına aid nümunələrlə oxucuların görüşünə gəlir. Nəşrdə ümumtəhsil məktəblərinin rus bölmələrində təhsil alan şagirdlərin Azərbaycan dilinin tədrisi metodikasına, respublikamızdan kənarda yaşayan həmvətənlərimizə ana dilinin öyrədilməsi yolları barədə bilgilər çatdırılır, ədəbiyyatşünaslıq və dilçiliyin tədrisi tarixinə, qloballaşan dünyamızda baş verən mühüm ədəbi proseslərə və yeniliklərə dair materiallara yer ayrılır. Eləcə də səhifələrində hər zaman görkəmli alimlər və qabaqcıl müəllimlər maraqlı yazıları ilə çıxış edir, fikir mübadiləsi aparırlar. Bir sözlə, jurnal orta məktəb müəllimlərinin, alimlərin, pedaqoqların və müstəqil tədqiqatçıların əlaqə mərkəzidir.

 

Bildiyimiz kimi, pedaqoji mətbuat müəllimin ən yaxın köməkçisidir. Fəal müəllimlərin bir çoxu məhz pedaqoji mətbuatdan bəhrələnərək yetişmişdirlər. Bu həqiqəti yüksək qiymətləndirən Elm və Təhsil Nazirliyi ona tabe digər müvafiq mətbu orqanları kimi “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalına da daim öz diqqət və dəstəyini əsirgəmir, onun inkişafı üçün lazımi tədbirlər həyata keçirir. 

 

Dövlətimizin, ölkə rəhbərliyinin Azərbaycan dilinə xüsusi önəm verdiyi, diqqət göstərdiyi bir zamanda “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının da dəyəri artır, üzərinə işini daha peşəkar və yüksək səviyyədə qurmaq məsuliyyəti düşür. Bu baxımdan jurnalın yaradıcı kollektivi məsuliyyətini dərk edir,effektiv fəaliyyət üçün yeni, müasir imkanlardan yararlanır.

 

“Azərbaycan dili və ədəbiyyat tədrisi” elmiliyi, əhatə dairəsi və oxunaqlığı ilə hər zaman fərqlənmişdir. Buna əsas kimi səhifələrində həm ölkədaxili, həm də ölkə hüdudları xaricində tanınan alimlərin məqalələrinin dərc olunmasıdır. Alimlərimizdən Ağamusa Axundov, Bəkir Nəbiyev, İsa Həbibbəyli, Nizami Cəfərov, Tofiq Hacıyev, Əbdüləzəl Dəmirçizadə, Yusif Seyidov, Əziz Mirəhmədov, Əziz Əfəndizadə, Mirabbas Aslanov, Ağamməd Abdullayev, Əhməd Seyidov, Xeyrulla Məmmədov, Cəfər Xəndan, Məmmədağa Şirəliyev, Bəşir Əhmədov, Əhməd Kəlbəliyev, Həsən Balıyev, Şəmistan Mikayılov, Qəzənfər Kazımov, Əjdər Ağayev, Sədaqət Həsənova, Yaqub Babayev, İsmayıl Kazımov, Təyyar Salamoğlu, Piralı Əliyev, Ənvər Abbasov, Vaqif Qurbanov, Pərixanım Soltanqızı, Soltan Hüseynoğlu, Bilal Həsənli, Ədalət Abbasov, Fəxrəddin Yusifov və digərlərinin adlarını qeyd edə bilərik. Eləcə də zamanında Rusiyanın tanınmış elm xadimlərindən akademik Leonid İvanoviç Timofeyevin “Ədəbiyyat nəzəriyyəsinin əsas anlayışlarının sistemləşdirilməsi haqqında” məqaləsi, professorlar Arnold Stepanoviç Çikobavanın “Dilçiliyə giriş”, Aleksandr Revyakinin “Ədəbiyyat və həyat”, pedaqoji elmlər doktoru İsaak Yakovleviç Lernerin “Təlim metodlarının sistemi (didaktik aspektdə)” adlı fundamental məqalələri jurnalın səhifələrində dərc edilmişdir.  

 

Əslində “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı özünün çiçəklənmə çağlarını yaşamış olsa da, bu gün ənənələrinə sadiq qalaraq və buna hörmətlə yanaşaraq yeni tərtibatı və məzmunu ilə fəaliyyətini davam etdirir. Təhsildə baş verən yeniləşməyə, müasir inkişaf tendensiyasına uyğun olaraq dəyişir, müəllimlərin və oxucuların sevimli vəsaitinə çevrilir.

 

Jurnalın formalaşıb inkişaf etməsində bir zamanlar baş redaktorları olmuş görkəmli alim və ziyalılar − Əbdüləzəl Dəmirçizadənin (1954−1959), Ağamməd Abdullayevin (1954−1975), Əziz Əfəndizadənin (1975−1991), Mirabbas Aslanovun (1991−1994), Bahəddin Yunusovun (1994−2003), Məhəmməd Baharlının (2007−2019) və Vaqif Alkərəmovun (2003–2007; 2019−2021 (həvalə)) xidmətlərini də, xüsusilə qeyd etmək lazımdır. Eləcə də baş redaktorlarla bərabər eyni dövrdə çalışmış yaradıcı kollektivlərin də əməyini unutmaq olmaz. 

 

2021-ci ildə baş redaktor olaraq fəaliyyətə başladıqdan sonra ətrafımda cəm olmuş peşəkar kollektivlə jurnalın inkişafı istiqamətində səylə çalışır, müasir beynəlxalq tələblərə uyğun daim yeniliklər tətbiq edirik. Son 4 il ərzində jurnalın fəaliyyətinə qısa nəzər salsaq görərik ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısında həm pedaqogika, həm də filologiya sahələri üzrə üzvlüyü, nəşrin unikallığını təsdiq etmək üçün Beynəlxalq ISSN Mərkəzində qeydiyyata alınması, onlarla nüfuzlu beynəlxalq indeks və xülasələndirmə bazalarına (ERIH PLUS, Index Copernicus və s.) üzv olması, məqalələrə DOI-lərin (Rəqəmsal Obyekt İdentifikatoru) tətbiq olunması, eləcə də jurnalın tarixində ilk dəfə istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar (2022) və həmçinin jurnalın 70 illik fəaliyyətilə bağlı (2024-cü il) “Xüsusi buraxılış”lar hazırlanması, jurnalın müasir tələblərə cavab verən veb-saytının (https://tall.edu.az) istifadəyə verilməsi, yarandığı ildən bu günə kimi çap olunan bütün nömrələrindən ibarət elektron arxivin yaradılması, redaksiyada müntəzəm olaraq jurnalla əməkdaşlıq edən müəllif və tanınmış alimlərlə görüşlərin təşkili, tərəfdaş olduğumuz müəssisələrlə əməkdaşlıq əlaqələri və jurnalın inkişafı istiqamətində adını qeyd etmədiyimiz bir çox fəaliyyətlər göz önündədir.

 

70 il, əslində, pedaqoji bir mətbu orqanı üçün böyük ömürdür. Odur ki, biz onu bu yaşa çatdıranlara, yaşadanlara minnətdarlığımızı bildirir, bizimlə əməkdaşlıq edən müəlliflərə, redaksiya şurasının, redaksiya heyətinin üzvlərinə və oxuculara təşəkkür edir, cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

 

 

 

 

 

Sehran Səfərov,

Elm və Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyat tədrisi” elmi-metodik jurnalının baş redaktoru