14 iyun 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin (LDU) Böyük akt zalında “Məzun yarmarkası” keçirilib. “Məzun yarmarkası”na bölgədə fəaliyyət göstərən 30-dan çox idarə, müəssisə və təşkilat tərəfindən ümumilikdə 130-a yaxın vakant iş yerləri çıxarılıb.
 
LDU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, məzun yarmarkasında rayon rəsmiləri, LDU-nun bu ilki məzunları, işəgötürən sifarişçi təşkilatların təmsilçiləri iştirak edib.
 
Tədbirə 15 İyun Milli Qurtuluş Gününə həsr olunan videorolikin nümayişi ilə başlanıb.
 
LDU-nun rektoru professor Natiq İbrahimov iştirakçıları ilk öncə 15 İyun Milli Qurtuluş Günü münasibətilə təbrik edərək bayram arzularını çatdırıb. Professor Natiq İbrahimov qarşılıqlı diskussiya zamanı universitetdə tədrisin maddi texniki bazasının yenilənməsi, keyfiyyətli mütəxəssislərin hazırlanması istiqamətində son illərdə görülən işlərdən, aparılan təhsil islahatlarından danışıb. Məzun yarmarkasının keçirilməsinin vacibliyini qeyd edən professor Natiq İbrahimov belə tədbirlərin hər il LDU-nu bitirən yüzlərlə məzuna iş probleminin həllində dəstək olduğunu, əmək yarmarkalarının gənclərin məşğulluğunun təminində əhəmiyyətli rol oynadığını, işçi ilə işəgötürən arasında operativ körpü olduğunu bildirib. Universitet rəsmisi LDU-da kadr hazırlığının keyfiyyətini artırmaq məqsədilə son illərdə tədrisdə praktik məşğələlərə geniş yer ayrıldığını, müasir elmi-təcrübi labaratoriyalarının təşkil edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
 
Qeyd edək ki, tədbirin əsas məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq olub.
 
Xatırladaq ki, bu il Lənkəran Dövlət Universitetini bakalavr və magistratura səviyyələri üzrə 1150-yə yaxın tələbə bitirir.