Ölkə başçısının təhsilin inkişafına diqqət və qayğısının ən bariz nümunələrindən biri olan Təhsil Tələbə Krediti Fondunun (TTKF)  yaranmasından 3 il ötür. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılam “Təhsil Tələbə Krediti Fondu”-nun əsas məqsədi əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Fond paylaşım edib.
 
Bildirilib ki, ötən 3 il ərzində Fonda 46 mindən bir qədər çox tələbə müraciəti daxil olmuş, bunlardan 37 minə yaxın müraciətə müsbət cavab verilmiş və təhsil tələbə krediti rəsmiləşdirilmişdir. Bununla da Fond, 37 min nəfər üçün təhsili daha da əlçatan etməyə, təhsilin əhatə dairəsini genişləndirməyə və təhsil almaqda bərabər imkanlar yaratmağa nail olub. 
 
Təhsil Tələbə Krediti Fondunun imkanları bununla məhdudlaşmır. Fond daha çox şəxsin təhsil alaraq ölkəmizə layiqli vətəndaş kimi yetişməsinə və yüksək ixtisaslı kadr kimi formalaşmasına dəstək olmaq üçün fəaliyyətini bu gün də davam etdirir. 
 
Təhsil ictimaiyyətini və təhsil tələbə kreditindən yararlanmış şəxsləri Fondun təsis olunmasının 3 ili münasibətilə təbrik edirik.